Bloqqer: 'Ölkəmiz dövlət kimi yox, kolxoz kimi idarə olunur'

Siyasi Məhbusları Müdafiə Mərkəzi. 21fev2017

“Ölkəmiz dövlət kimi yox, kolxoz kimi idarə olunur. Özbaşınalıq o qədər irəli gedib ki, bir polis rəisi özünü rayonun başçısı kimi aparır. İnsanlar belə duruma laqeyd qalmamalıdır”.

Bu sözləri Siyasi Məhbusları Müdafiə Mərkəzinin fevralın 21-də keçirdiyi dəyirmi masaya internet üzərindən qatılan Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxan deyib.

Bloqqer vurğulayıb ki, son günlərdə yaxınlarının polisdə çək-çevir edilməsi əslində ölkədəki durumun son dərəcə acınacaqlı olmasını göstərir.

Buna da bax:​ Bloqqer bacılarının polisdə incidildiyini deyir [yenilənib]

“Məni susdura bilməzlər”

“Təəssüflər olsun, iş o yerə çatıb ki, bacılarımız bizə görə cavabdeh olmalıdır. Hökumət, bunu edənlər bilsin ki, mən ölkədə baş verənlərə heç vaxt laqeyd qalmamışam, heç bir halda qalmayacağam. Hesab edirəm ki, hər bir vicdanlı azərbaycanlı belə durumlara biganə qalmamalıdır. Məni susdura bilməzlər”, bloqqer deyib.

Hüquq müdafiəçisi Oktay Gülaliyev isə polisdə Orduxan Teymurxanın yaxınları ilə davranış haqda danışıb. Onun sözlərinə görə, ümumilikdə bloqqerin 12 yaxını polisə aparılıb.

“İki yaşlı uşağı “rəislə söhbət adı altında” polisdə saxlayıblar”.

“Fevralın 18-də onlara Suraxanı rayon Polis İdarəsinin rəisi ilə söhbətə apardıqlarını bildiriblər. 12 nəfər fevralın 19-dək polis idarəsində saxlanılıb. Hətta iki yaşlı uşağı “rəislə söhbət adı altında” polis idarəsində saxlayıblar. Onlara yemək, su belə verilməyib. Fevralın 19-da qadınları sərbəst buraxıblar. Digərlərini isə fevralın 20-də gecə də idarədə saxlayıblar. Onlar idarənin “koridorunun” taxta döşəməsində gecələməli olublar”, hüquq müdafiəçisi bildirib.

Buna da bax:​ C.Həsənli: 'XX əsrin ən böyük diktatoru Stalin belə...'

Onun deməsinə görə, bloqqerin yaxınları yalnız fevralın 20-də günortadan sonra sərbəst buraxılıb.

Qardaşı işdən çıxarıla bilər

“Ancaq qardaşı Xanlar və bacısı oğlu Səbuhini inzibati qaydada həbs ediblər. Aldığımız bilgilərə görə, Xanlar Dadaşovu çalışdığı təcili-tibbi yardım xidmətindəki işindən uzaqlaşdırmağa çalışırlar. Səbuhi Zeynalov isə Orduxanın bacısı oğludur, martın 12-nə toyu təyin olunmuşdu, hazırlıqlar gedirdi...”, hüquq müdafiəçisi əlavə edib.

O.Gülalıyev vurğulayıb ki, “bloqqerin yaxınlarına göstərilən rəftar nə mentalitetə, nə ənənəyə, nə də ki qanunlara uyğundur”.

Dəyirmi Masaya internet üzərindən qoşulan hüquq müdafiəçisi Leyla Yunus bloqqerin yaxınlarına basqılarla bağlı beynəlxalq qurumları bilgiləndirdiyini söyləyib.

Buna da bax:​ 'Heydər Əliyevin simvolik heykəli yıxılan aksiyada o aparıcı idi' [video]

Xatırlatma

Fevralın 18-dən başlayaraq Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların içərisində bloqqerin bacıları da olub.

Sonradan onlardan 2 nəfəri inzibati qaydada həbs edilib.

Bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli biliniblər. Onların hər ikisinə 30 sutka həbs cəzası verilib.