«Xocalı faciəsi Azərbaycan tarixinin ən dəhşətli və faciəvi səhifələrindən biridir».
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov fevralın 22-si Ankarada keçirilən «Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm» mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
O, faciənin köklərindən danışıb: «Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar, sadəcə, Xocalı soyqırımı ilə məhdudlaşmamışdır. Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir».
E.Məmmədyarov deyib ki, bunlar dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalıdır. Ermənistanın cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 21-i Türkiyəyə gedib.
XATIRLATMA
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.
613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Dünyanın 10-a yaxın ölkəsi və ABŞ-ın bəzi ştatları Xocalı faciəsini soyqırımı kimi tanıyıb.