«Azərbaycan İpoteka Fondu» ASC Azərbaycan Beynəlxalq Bankını (ABB) ipoteka kreditlərinin verilməsi üzrə müvəkkil banklar siyahısına daxil edib.
Bankdan verilən məlumata görə, ipoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimum həcmi 100 min manatdır. Adi ipoteka kreditlərinin müddəti illik 8 faizlə 25, güzəştli ipoteka kreditlərinin müddəti isə illik 4 faizlə 30 ilə qədərdir.
İpoteka krediti almaqdan ötrü müştərilər elektron ipoteka portalında əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Daha sonra müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər.
ABB-nin 36 filial və 40 şöbəsi var.
Bu bankın bir müddət öncə ipoteka krediti verməyi dayandırdığı bildirilirdi.
Azərbaycan İpoteka Fondu (AİF) vasitəsilə kreditlər 2006-cı ildən verilir. Sosial ipoteka (50 min manat, 4 faizlə) 2007-ci ilin II yarısından verilmir. Son vaxtlar kommersiya kreditlərinin (8 faiz) də dayandığı bildirilir.