Ötən il Azərbaycanda 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb. Bu iqtisadi fəallığın və əmək bazarının böhranın mənfi təsirlərindən qorunmasında mühüm faktor olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fevralın 27-də jurnalistlərə açıqlamasında belə deyib.
Nazir əlavə edib ki, ötən il dövlət təşkilatlarında 40 minədək iş yeri yaradılıb və məşğulluq orqanlarına vakansiyalar təqdim edilib.
Buna da bax: Deputat: 'Müavinətləri çox verməyin faydası yoxdur' [video]
İşsizlik - Fransada 9,9, İspaniyada 19, Azərbaycanda isə 5 faiz...?
S.Müslümov hesab edir ki, Azərbaycanda ciddi məşğulluq problemi yoxdur. Onun dilə gətirdiyi rəqəmlərə görə, Azərbaycan məşğulluqda hətta qabaqcıl Avropa ölkələrini üstələyir.
“Görülən kompleks tədbirlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. İşsizlik səviyyəsi İspaniyada 19,6, Fransada 9,9, Finlandiyada 8,8, Xorvatiyada 12,8, Belçikada 8, Bolqarıstanda 7,7, Danimarkada 6,2, Latviyada 9,7, Litvada 8, Portuqaliyada 11,2, Slovakiyada 9,7, İsveçdə 6,9, Rumıniyada 6, Niderlandda 6 faiz təşkil edir. Azərbaycanda bu göstərici 5 faiz həddindədir”, nazir vurğulayıb.
Buna da bax: Pensiya artımına hər ay 10 milyon yönəldiləcək
Yoxsulluq - Litvada 22, Azərbaycanda 5.9 faiz...?
S.Müslümov yoxsulluq göstəricisinin də az qala nümunəvi olduğunu ifadə edib.
“Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın dünya üzrə ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici ölkəmizdə 5,9 faiz səviyyəsində olduğu halda, məsələn, Macarıstanda 14,5, Portuqaliyada 19,5, Rumıniyada 25,4, Latviyada 22,5, Litvada 22,2, Yunanıstanda 21,4 səviyyəsindədir”.
Nazir 2016-ci ilin statistikasından danışmayıb.
Buna da bax: Yoxsulluq artır
Ancaq, müstəqil iqtisadçılar rəsmilərin belə açıqlamalarına ciddi şübhə edirlər. Onlar deyillər ki, Azərbaycanda bir qayda olaraq yeni açılan iş yerlərinin statistikası verilir, qapadılanlar gizlin saxlanır. Üstəlik, onların fikrincə, Azərbaycanda real işsizlik rəsmi işsizlikdən qat-qat çoxdur. Onlar bunu Azərbaycanda rəsmi işsiz kimi qeydiyyata düşməyin çətinliyi ilə izah edirlər. Müstəqil iqtisadçılar deyillər ki, Azərbaycanda əmək haqları nəinki əksər Avropa ölkələrindən, hətta qonşu Gürcüstandan belə aşağıdır.