Beynəlxalq insan haqları təşkilatı «Human Rights Watch» (HRW) siyasi fəal Orduxan Teymurxanın ailə üzvlərinə basqıları pisləyir.
46 yaşlı fəal O.Teymurxan Niderlandda yaşayır. O, videobloqunda və sosial şəbəkələrdə Azərbaycan hökumətinə tənqidi fikirlərinə görə tanınır.
Dediyinə görə, fevralın 18-də bir polis işçisi ona zəng vuraraq 12 yaxınının, o cümlədən ikiyaşlı bacısı uşağının polis məntəqəsində olduğunu bildirib. Polis əməkdaşı yaxınlarının düşdüyü duruma görə fəalı günahlandırıb. O.Teymurxan polis əməkdaşının səsini yazıb. Bu xəbər yayılandan sonra onun yaxınlarının çoxunu buraxsalar da, qardaşı və qardaşı oğlu polisə tabe olmamaqda günahlandırılaraq 30 günlük həbs cəzası alıblar.
HRW O.Teymurxanın yaxınlarının bundan əvvəl də dindirildiyini, nəzarətdə saxlandığını və hədə-qorxu ilə üzləşdiyini qeyd edir. Hətta yanvarda bir qrup yaxını hökumətin təqiblərindən qurtarmaq üçün O.Teymurxandan imtina etdiyini bildiribmiş. «Amma bu, onları qorumağa yetməyib». HRW –un bəyanatında belə deyilir.
Təşkilat O.Teymurxanın başına gələnlərin istisna olmadığını, Azərbaycan hökumətinin basqılarından qaçan fəalların çoxunun xaricdə sığınacaq tapdığını və etirazlarını mühacirətdə davam etdirdiyini bildirir.
HRW Azərbaycan hökumətini fəalların ailə üzvlərinin təqibini dayandırmağa çağırır. Həmçinin, beynəlxalq müttəfiqlərini Azərbaycanın bu siyasətini pisləməyə səsləyir.