20 ildən artıq cəza çəkən keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON-rusca qısaltma adı. Onlar bu adla tanınıblar) üzvləri Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov prezidentə müraciət ediblər. Ömürlük məhbuslar əfv edilmələrini xahiş ediblər.
OMON-çuların vəkillərindən Elçin Sadıqov əfv müraciəti edən hər 3 məhbusun cəza çəkdikləri müddətdə heç vaxt intizam pozuntusuna yol vermədiklərini bildirib.
Buna da bax: OMON-çular: 'Güllələnmə bundan daha yaxşı idi'
“Həm də hər üçü ağır xəstədir, yaşamaq ümidləri azdır”, deyən vəkil məhbusların əfv müraciətinə müsbət baxılacağına ümid etdiyini deyib.
Prezident yanında Əfv Məsələləri Komissiyası bir aya yaxındır əfv müraciətlərini araşdırmağa başlayıb. Komissiyanın vaxtaşırı açıqlanan məlumatlarında müraciətlərin əksəriyyətinə müsbət rəy verildiyi bildirilir.
Komissiyadan keçmiş OMON-çuların müraciətinə hansı rəy verilməsini aydınlaşdırmaq mümkün olmayıb. Komissiya müraciətlər barədə rəylərin bilavasitə ölkə başçısına təqdim olunduğunu bildiriblər.
Buna da bax: Ömürlük cəza alanlarla bağlı məhkəmə noyabra qalıb
XATIRLATMA
Xüsusi Təyinatlı Polis Dəstəsi – (OMON) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə OMON arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət OMON-un Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada, rəsmi bilgilərə görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub. 8 OMON əməkdaşı öldürülüb.
Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. OMON-un rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından daxili İşlər Nazirliyinin (DİN) hospitalında vəfat edib. Dəstənin qalan üzvləri isə həbs ediliblər. Sonradan şahidlər bildirmişdilər ki, dəstənin qərargahından ağ bayraq qaldırılıb, ancaq hökumət qoşunları atışmanı dayandırmayıblar.
Buna da bax: Ömürlük məhbus anası: «Başımıza gələnlərdən neçə cildlik kitab çıxar»
OMON-un Qazax bölməsinin keçmiş komandiri Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımova ömürlük cəza verilib. Onlar cəzalarının 20 il həbslə əvəzlənməsi ilə bağlı məhkəməyə də şikayət ediblər.
Ancaq həmin şikayətə baxılması uzanır.