Narkotikə görə 2 min 607 nəfər məsuliyyətə cəlb olunub

Narkotik

2016-cı ildə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 ton 150 kiloqram müxtəlif növ narkotik vasitələri dövriyyədən çıxardıqları bildirilir.

Bu haqda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının «Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi»ndə bildirilir. Sənədin tam mətnini komissiya yayıb.

Sənədə görə, müsadirə olunan narkotik vasitələrin 654 kiloqramı marixuana, 225 kiloqramı tiryək, 1 ton 186 kiloqramı isə heroin olub. Bundan başqa, 11976 ədəd narkotik mənşəli həb müsadirə edilib.

Məruzədə göstərilir ki, narkotik vasitələrlə bağlı 2 min 607 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5 nəfəri 18, 176 nəfəri 18-25, 412 nəfəri isə 26-29 yaş arasında olanlardır.

Narkotik vasitələrə görə məsuliyyətə cəlb olunanların 22-nin fəhlə, 6-nın qulluqçu, 2 min 331 nəfərininsə işsizlər olduğu bildirilir. Cəzalandırılanlardan 37 nəfəri qadınlardır.

Məsuliyyətə cəlb olunmuşlar içində 34 xarici ölkə vətəndaşı var. Onların 18 nəfəri İran, 8-i Gürcüstan, 4-ü Türkiyə vətəndaşıdır.

Ötən il Azərbaycanda narkotik ittihamı ilə həbs edilənlər arasında bir neçə fəallar da olub. Onların arasında Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» yazdıqlarına görə həbs edildiklərini bildirən gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov da var.