Birinci vitse-prezident Mehriban Əliyeva martın 3-də Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Bu haqda “Report” xəbər verir.
Xəbərdə bildirilir ki, M.Əliyeva deputat mandatına xitam verilməsini istəyib.
MSK-nın bu gün, martın 6-da müraciətə baxaraq, müsbət qərar qəbul edib.
Birinci vitse-prezidentin deputat mandatı ləğv edilib.
Buna da bax: Prezident və birinci vitse-prezident açılışda
Mehriban Əliyeva 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib.
Bu il fevralın 21-də prezident İlham Əliyev M.Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyin olunması barədə sərəncam verib.
Ölkə Konstitusiyasına görə, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutarsa, deputatlıqdan istefa verməlidir.
Buna da bax: Birinci vitse-prezident gənclərə toy eləyib
XATIRLATMA
Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib.
Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi.
Prezident İlham Əliyev fevralın 21-də Mehriban Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edib. M.Əliyeva prezidentin həyat yoldaşıdır.
Buna da bax: Rauf Mirqədirov: 'Bunun Mehriban Əliyeva üçün mənfi tərəfi də var'
Müxalifət bu təyinatı hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirib. Hakimiyyət isə bunu islahat kimi təqdim edir.