Bu gün, martın 6-da Prezident yanında Əfv Məsələləri Komissiyası məhbusların müraciətlərini araşdırmağı davam etdirib.
“Turan” Agentliyinin xəbərinə görə, iclasda əfv edilməsini istəyən 100-dən artıq, məhbusun müraciətinə baxılıb. Komissiya üzvlərinin baxılan müraciətlərin bəzilərinə müsbət rəy verdiyi bildirilir.
Buna da bax: Keçmiş OMON-çular prezidentə müraciət ediblər
Bu il ərzində komissiyada baxılmış müraciətlərin sayı 700-ü keçib. Komissiyaya göndərilmiş əfv müraciətlərinin ümumi sayının isə 800-dən artıq olduğu deyilir.
Komissiyanın yaxın günlərdə daha iki toplantısının keçirilməsi planlaşdırılır.
Prezident yanında Əfv Məsələləri Komissiya 2017-ci ildə ilk dəfə fevralın 16-da, sonuncu dəfə isə martın 3-də toplaşmışdı.
Buna da bax: 27 siyasi məhbusun adı əfv komissiyasına verilib
Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını gözlədiklərini bildiriblər.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Arzu Abdullayeva isə Azadlıq Radiosuna bundan əvvəl demişdi ki, siyasi məhbus sayılan şəxslərdən 27-nin adı əfv komissiyasına verilib.
Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.