Bu gün, martın 7-si səhər saat 10-da “Müsəlman Birliyi” Hərəkatının tərəfdarlarından Kamran Fəratın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel-ə) aparıldığı bildirilir.
Buna səbəb ki, onun “Müsəlman Birliyi” Hərəkatının fəalının toyunda bu təşkilatın marşını oxuduğu bildirilir.
Verilən xəbərə görə, Kamran Fərat axşam saatlarında xəbərdarlıq olunaraq sərbəst buraxılıb.
Buna da bax: 'Taleh Bağırov toyuna təbrik göndərdi - bəyi 'Bandotdel'ə apardılar'
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən münasibət almaq mümkün olmayıb.
“Müsəlman Birliyi” Hərəkatının daha bir neçə fəalının da bundan öncə oxşar səbəblər üzündən sözü gedən idarəyə aparıldığı bildirilir.
Xatırlatma
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm daha çox göstərilir.
Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.
Buna da bax: 'Nardaran işi-2': 'Mənə dedilər 'bandotdel'i polis bölməsi ilə səhv salma'
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırova 20 il, digərlərinə 10 ildən 20 ilədək həbs cəzası verilib.
Buna da bax: 'Azərbaycan polisi bacılarımı, körpəni polisə aparır, İlham Əliyevsə...'
Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.
Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.