«Foreign Policy» dərgisi «The Washington Times» qəzetinin Mehriban Əliyeva haqda yazısını tənqid edir.
«ÇOX İYRƏNC»
Dərgi hər şeydən öncə Azərbaycanda, azı, 14 nəfərin vicdan məhbusu olduğunu vurğulayır. Sonra da ölkə konstitusiyasının dəyişdirildiyini, vitse-prezident postunun yaradıldığını və bu günlərdə prezident İlham Əliyevin öz xanımı Mehriban Əliyevanı həmin posta təyin etdiyini xatırladır. «İndi əri fəaliyyətini dayandırsa, onu xanımı əvəz edəcək, necə ki, ata gedəndə onu oğlu əvəzlədi. Bu ailə işidir…», - məqalədə deyilir.
Yazıda M.Əliyevanın təyinatı günü bir neçə ilini həbsdə keçirmiş araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın Twitter-də yazdıqları da yada salınır: «Ümid edirəm ki, kimsə bu gün qadınların səlahiyyətlərinin artırılmasından danışmayacaq, çünki bu, kiminsə xanımının səlahiyyətlərinin artırılmasıdır, korrupsiyanın güclənməsidir, nepotizmdir və sadəcə, çox iyrəncdir».
Amma X.İsmayılovadan fərqli olaraq, bəziləri M.Əliyevanın təyinatını elə qadının səlahiyyətlərinin artırılması kimi qələmə verir. Elə «The Washington Times» qəzetinin «Azərbaycanın xeyirxah xanımı» adlı məqaləsində də müsəlman ölkəsi olan Azərbaycanda qadının yüksək vəzifəyə təyin edilməsi alqışlanır, Azərbaycanın tarixi «sıçrayış» etdiyi deyilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
ROB SOBHANI KİMDİR?
«Foreign Policy» yazır ki, «The Washington Times» müəllifinin M.Əliyeva haqda dedikləri –onun xeyriyyəçilik fəaliyyəti, dini tolerantlığı, ya da ağacların əkilməsinə tərəfdar olması barədə yazdıqları doğru ola bilər, amma bütün bunlar onun vəzifəyə əri tərəfindən təyin olunması faktını dəyişmir.
Dərgi yazı müəllifinin də kimliyinə aydınlıq gətirməyə çalışıb. «The Washington Times»da M.Əliyeva haqda məqaləni «Caspian Group Holdings» şirkətlər qrupunun prezidenti Rob Sobhani yazıb. Məqalədə bu şirkətlər qrupunun beynəlxalq biznes maraqlarının geniş olduğu, R.Sobhani-nin 90-cı illərdə Azərbaycanın neft layihələriylə bağlı danışıqlarında fəal rol oynadığı xatırladılır.
«Sözün qısası, Azərbaycan vitse-prezidentlə evli olan prezidentin ölkəsidir, istifadəyə verilməsə də, ABŞ prezidentinə qarşı ittihamlara yol açan «Trump» otelinin tikildiyi ölkədir, Avropa Şurasında nüfuzunu satın almaqda günahlandırılan ölkədir. Birləşmiş Ştatlar isə bu ölkənin birinci xanımına – vitse prezidentə mədhiyyə oxuyan nəşrlər ölkəsinə çevrilib», – deyə müəllif Emily Tamkin təəssüfünü bildirir.