Rza Bərahani: 'Sən hələ ordasan ki, iyirmi il qabaq Təbrizin o küçəsində idin'

İran Azərbaycanından olan şair Rza Bərahani.

Şair Rza Bərahani 1935-ci ildə İran Azərbaycanının Təbriz şəhərində doğulub. Təbriz Universitetini bitirdikdən sonra təhsilini Türkiyədə davam etdirib. Otuz ildən çox Tehran Universitetində ingilis dili və müqaisəli ədəbiyyatşünaslıq dərsi deyib. 1997-ci ildən Kandada yaşayır.

Təbriz şeirləri

1.

Qadınların başından çadralarını qaçıran
yaşıl bir yel
və əziz bir xatirə
Sən hələ
ordasan
ki, iyirmi il qabaq Təbrizin o küçəsində idin.
Yunusu udan
balıqdır
çadra.

2.

Mənim xalqım
səmimiyyətlə dua oxumuş,
səmimiyyətlə
tüfəng
ələ alıb savaşmış,
tüfəng
illər boyu
əlindən idi illər boyu.
İndi
qorxusu yox
əgər
sükut etmişsə;
çünki
ayağa qalxdığında
baharın uca ağaclarına bənzəyəcək
ki, çiçəklənir,
gül açır
və ürək
irilikdə
meyvələr də verir
səmimiyyətlə.

Buna da bax: Səhranın ruhu arxasına mindir məni, get

3.

Gecə yarısı
təpə başında
qəhvaxanada
yoldaşlarımla
mən
Savalan balı
yedik.
Qulaq asdıq
kəndin
itlərinin hürüşlərinə.
Şeir oxuduq
və zindandan
danışdıq.
Kəsdi sözümüzü
qəhvəçinin ağlaması.
O,
türkcə cəh-cəh vuran xanəndəyə
qulaq asırdı;
Ki külək dalğalarında uzaqdan gələn irmaq səsi
kimi
gəlirdi.
Biz daha
heç danışmadıq.

4.

Səhərləri
qızarmış çörəyə bənzər Təbrizin.
Günortası
quzu kababına bənzər Təbrizin;
böyründə isti qan damlası ilə.
Axşamları
buz kimi vodkadır, yandırar;
belə ki, sən
bağıraraq evə gələrsən.
Və gecə yarısı
sanki bir qadındır pərqu balış tək;
başını üstünə qoymadan yatarsan.
Oyandığında
Təbriz işıq fəsillərinə bənzər.

5.

Sən ki Şərqin ilk inqilabını
güclü qolların üstündə qaldırdın,
Uca alnın daha da ucalsın, ey şəhər!
Ey hərəkətin cəhəti,
ey mənim davamım,
ey mənim köküm.
Günəş
düz sənin köksündən göyərir;
mən hətta sənin qəbiristanlıqlarını da sevirəm.

Buna da bax: E. Böyükvənd: 'İrandakı rasizmdən danışanda özümüzdəki Zəlimxanı da görək'

6.

Səndən danışanda
kağızım qurtardı;
mənə başqa bir kağız ver -
böyüklüyü göy qədər
ki, səndən yenə
başqa sözlər danışım.

7.

Yanında yaşamaq sənin
Günəşin yanında yaşamaq deyil,
ondan üstündür.
Uzaq yaşamaq
cəhənnəm kimidir;
daha yaman bəlkə də.
Ey mənim cənnətim, hansı şəhərin bacısıan
ki, şeirimi onun ayaqlarına səpim.

8.

Sənin adının musiqisi yanında
bir kişi keçir rəngbərəng bülbül qəfəsiylə
(səslə adımı, adımı səslə).
Müzəfəriyyə dalanında
xalçanın ipəyi dəli olub,
sındırıb sükutu, danışır;
sən ipək təsvirlərin dilisən
(səslə adımı, adımı səslə).
Rastaküçədə
su kranının açdı bir qadın;
heç zaman su vedrəyə tökülməmişdi bu sürətlə
(səslə adımı, adımı səslə).
Görünür divar üstündən
dəvənin boynu və hörgücü;
dəvələr hündür, divarlar qısa
(səslə adımı, adımı səslə).
Palçıqla suvanmış divarları belə şirinlətdi
qızlarının bal rənfli gözləri
(səslə adımı, adımı səslə).
Qardaşımdır mənim
kişnəyən at;
küçədən keçən tovuz
bacımdır mənim
(səslə adımı, adımı səslə).
Dəhrə
xırdaladı şişəyin sümüklərini;
o ətdən mən yazığa da verin bir tikə
(səslə adımı, adımı səslə).
Güləşir
meydançada "şir-balıq"larımız;
düşünür qadınlar onların qollarını
(səslə adımı, adımı səslə).
Dünyanın ən qalın kitabıdır
Ərk,
durub qarşımızda
bizim dik;
tarix sənsən
(səslə adımı, adımı səslə).
Çay qırağında
bir kişi
qaynatası ilə gəlir,
arvadı ilə gəlir,
atası ilə gəlir,
oğlu ilə gəlir,
anası ilə gəlir,
qızı ilə gəlir.
Yuxarı çıxır inqilab pillələrindən mənim elim;
Adın ulduzlarla dolsun ey Təbriz,
(səslə adımı, adımı səslə)

Buna da bax: Farsca yazan şairlərimiz Azərbaycan türkcəsində yazmağa başlayıblar!

9.

Çiçəklənən dan yeri
və büllur bülbüllər
və yoxsulluq, quduz yoxsulluq
sənin çöhrənin ətrafında
yarı tutulmuş Ay kimi daim dolanan
bir təzad.
Cavan bir qadına bənzərsən
gözəl,
rəna;
Ki əndamını köhnə paltarlarla örtmüş.
Xalqın bu məsəli necə də doğrudur buralarda:
xarabada yatan xəzinəyə bənzərsən.

10.

Yoldaş!
Şəhər!
Yeganə şəhər
Mənim üçün!
Orada bir balaca otaq var
Uzun, qədim, dolanbac küçələrə açılar.
Mən ilk qəzəlimi
O otaqda yazdım.
O balaca otağı mənim üçün saxla;
Ya da dərin bir qəbir qaz
qırmızı köksünün içində.
Bax, şairin cənazəsi
söz izdihamının
və ən seçkin şeirinin
çiynində gəlməkdə.
Yoldaş!
Şəhər!
Yeganə şəhər
Mənim üçün

Farscadan çevirən: Əli Qərəcəlu