“Dünyadakı böhran iqtisadiyyatımıza mənfi təsir göstərsə də, görülən kompleks tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edib. Qeyri-neft sənayesi 5, kənd təsərrüfatı 2,6 faiz artıb”.
Bu sözləri Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsü ilə bağlı bu gün, martın 29-da Bakıda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Buna da bax: 'İqtisadi inkişaf'la öyünən prezident problemləri görmürmü? - Şərh
Nazir son 10 ilin iqtisadi göstəricilərini yada salıb. Son 10 ildə ümumi daxili məhsulun (ÜDM) 3 dəfədən çox artdığını bildirib. Onun sözlərinə görə, həmin müddətdə 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb. Əhalinin gəlirləri 5,2, minimum əməkhaqqı 3,5, orta aylıq nominal əməkhaqqı isə 3,8 dəfə artıb. İşsizliyin səviyyəsi isə 5 faiz səviyyəsində saxlanıb.
Ölkə əhalisi 1.4 dəfə artacaq
Nazir əhalinin ümumi yaş strukturunu haqda da bilgi verib. Onun sözlərinə görə, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdəndir.
Buna da bax: 'Gürcüstan qazanır, Azərbaycan isə şansları itirir' [video]
“Əhalinin ümumi yaş strukturunda gənclərin payı 27, uşaqların payı 22,5, 15-64 yaş qrupunun payı 71,3, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil edib. 1990-2016-cı illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayı 8,3 faiz azalıb. 65 yaş və yuxarı yaşda olan əhalinin sayı isə 67,3 faiz artıb. Bu təbəqənin xüsusi çəkisi 4,8 faizdən 6,2 faizə qədər yüksəlib. Bu, əhalinin yaşlaşma meylinin mövcudluğunu göstərir”.
65-dən yuxarı yaşlılar əhalinin 22 faizinə çatacaq
S.Müslümov bildirib ki, 2015-ci illə müqayisədə 2050-ci ildə Azərbaycanda əhalinin sayının 1,4 dəfə artması gözlənilir.
Onun deməsinə görə, əhalinin ümumi sayında 0-14 yaş qrupunda olanların payının 9,6 faiz azalması gözlənilir. 15-64 yaş qrupunda və yuxarı yaşlarda artım proqnozlaşdırılır.
Buna da bax: İ.Əliyev: 'Dünyada ən yüksək inkişaf göstəriciləri bizdədir'
“Ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması, əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin artmasını sərtləndirəcək. Bu əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olunmasını zəruri edəcək”, deyən nazir hökumətin pensiya qanunvericiliyində edilən dəyişiklərlə bu prosesə artıq, start verdiyini bildirib.
Xatırlatma
Bu il fevralın 28-də parlament “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edib. Həm pensiya yaşı mərhələli qaydada, həm də iş stajı artırılıb.
Dəyişikliyə qədər Azərbaycanda qadınların pensiya yaşı 60, kişilərinki isə 63 idi. Bundan sonra bu mərhələli qaydada 65-ə qaldırılacaq.
Buna da bax: 3 ayda işləyənlərin sayı 4 minə qədər azalıb
Ölkədə iqtisadi inkişafla bağlı deyilənləri isə müstəqil iqtisadçılar qəbul etmirlər. Onlar deyirlər ki, elə Dövlət Statistika Komitəsinin bilgilərinə görə, ötən il ÜDM 3,8 faiz azalıb. Bu isə rəsmilərin inkişaf haqda bəyanatları ilə ziddiyyət təşkil edir. Üstəlik, onların deməsinə görə, əhalinin qazancı ilə müqayisədə qiymətlər daha çox yüksəlib.