Bəşir Süleymanlının atasını polisə çağırıblar

Bəşir Süleymanlı.

İctimai fəal, keçmiş məhbus Bəşir Süleymanlının Yevlax rayonunda yaşayan valideynlərinə təzyiqlər olduğu bildirilir.

Bu haqda onun özü AzadlıqRadiosu-na danışıb.

B.Süleymanlının bildirdiyinə görə, dünən, martın 30-da axşam atasını Yevlax rayon polis şöbəsinin rəisinin yanına çağırıblar. Ondan oğlunun fəaliyyəti, Yevlaxdakı əlaqələri haqqında məlumat alıblar, mobil telefonunun və avtomobilinin nömrəsini soruşublar.

Buna da bax:​ Bəşir Süleymanlıya ölkədən çıxmağa icazə verilmədi

B.Süleymanlının sözlərinə görə, polis əvvəllər də onun atasına zəng edib, oğlunun və digər övladlarının fəaliyyəti, harada işlədikləri barədə soruşub.

“Bu qanunsuz tədbirlər bir çox valideynlərin narahatlığına səbəb olur. Anam diabet xəstəsidir. Bu təzyiq onun ürək əməliyyatı olunmasına gətirib çıxarıb”, B.Süleymanlı bildirib.

O, atasının polisə çağrılmasını Novruz bayramında Yevlaxa getməsi, orada qohumları və dostları ilə görüşməsi ilə əlaqələndirir. B.Süleymanlıda olan məlumata görə, polis onun görüşdüyü şəxslərlə də maraqlanır.

Buna da bax: Keçmiş məhbuslar gənclərə işgəncənin araşdırılmasını tələb edirlər

İctimai fəal hesab edir ki, bu ona təzyiq və qanun pozuntusudur.

Bəşir Süleymanlının dediklərinə, hələlik, Yevlax rayon Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

B.Süleymanlı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru olub.

Buna da bax:​ "Bizdəki korrupsiya idarəçilik sistemidir"

2014-cü ildə o, iqtisadi cinayətlər ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq ittihamları qəbul etməyib. Sonradan o, vaxtından əvvəl azad olunub.

B. Süleymanlı hazırda Vətəndaş Hüquqları İnstitutunun rəhbəridir.