İlahiyyatçının müdafiə konfransı keçirilib

İlahiyyatçı Sərdar Babayev

“Masallıda Sərdar Hacıhəsənlinin (Babayev) namaza görə, həbs olunması xalqın mənəviyyatına və dini dəyərlərinə yönəlmiş addımdır”.

Bu fikirlər aprelin 3-də Bakıda həbsdəki ilahiyyatçı Sərdar Babayevin (Hacıhəsənlinin) hüquqlarının müdafiəsi ilə bağlı keçirilən konfransın iştirakçıları səsləndiriblər.

Nardaran qəsəbəsi ağsaqqallarından Hacıağa Nurinin sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd S. Babayevin həbsinə etiraz və bunun beynəlxalq hüquqa ziddi olduğunu bəyan etmək olub.

Buna da bax:​ Sərdar Babayevin həbs müddəti uzadılıb

O, qeyd edib ki, S.Babayev həbsi xalqın mənəviyyatına və dini dəyərlərinə yönəlmiş addımdır.

“İqtisadiyyat, siyasət və digər elmlər üzrə insanlar ölkə hüdudlarından kənarda təhsil alır və geri döndükdən sonra öz fəaliyyətlərini göstərirlər. Burada İslam dininin xüsusi vurğulanması kənardan açıq-aşkar görünür. Hədəf alınan obyekt İslam dinidir”. Bu sözləri isə Azərbaycan Ruhanilər Birliyinin (ARB) üzvü Cəlal Şəfiyev bildirib.

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu da deyib ki, bu həbs olayında uzağa gedən mətləblər var.

“Yeni bir presedentin yaranmasına, yeni bir nümunənin ortalığa qoyulmasına şərait yaranır. Deməli, əgər bu hüquqi presedent yaranacaqsa, növbəti həftələrdə, növbəti aylarda Azərbaycanın hər yerində kütləvi halda bir çox ruhanilərin həbsi gözləniləndir. Əslində, bu proses əgər praktiki baş verəcəksə yeni bir mərhələnin kütləvi başlanmasıdır”.

Buna da bax:​ 'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'

Xatırlatma

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona CM-in 168.1-ci maddəsi (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmlər bildiriblər ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir. Sərdar Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq verilib. Ancaq O, bu xəbərdarlığı eşitməyib.

Müdafiə tərəfi isə bildirir ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Buna da bax:​ İlahiyyatçının azadlığa buraxılması istənilir

Üstəlik, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb.

S.Babayev həbs edilərkən rayonda bəzi dindar kəsimdən olan insanlar bunu etirazlarla qarşılayıblar. Nəticədə daha bir neçə şəxs saxlanaraq inzibati qaydada cərimələnib.

Yerli sakinlərin Azadlıq Radiosuna bildirməsinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək tənqidi fikirlər səsləndirib.