“Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir”.
Bunu bu gün, aprelin 5-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının "su səyahəti"nin başlanma mərasimində prezident İlham Əliyev deyib.
O, qeyd edib ki, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. “İşsizlik beş faiz səviyyəsindədir. Son 13 il ərzində iqtisadiyyatımız üç dəfə artıb. Savadlılıq 100 faiz səviyyəsindədir. Bütün bunlar bu gün ölkəmizin sürətli inkişafını əks etdirir”
Buna da bax: İslam Oyunlarında ‘Su səyahəti’ başladı
Prezident daha sonra Azərbaycanda idman sahəsində görülən işlərdən danışıb. O, ötən il keçirilən Rio Olimpiya Oyunlarında Azərbaycanın 18 medal qazanmasını dəyərləndirib:
“Baxın, cəmi 25 il müstəqil ölkə kimi yaşayan Azərbaycan medalların sayına görə iki yüz ölkə arasında 14-cü yerə layiq görülüb. Avropa ölkələri arasında isə biz yeddinci yerə layiq görüldük. Rio Olimpiya Oyunlarında Azərbaycan müsəlman ölkələri arasında birinci yerdə idi. Bu, bizi sevindirir və ruhlandırır. Bu, gənc, müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarımızın vətənpərvərliyini göstərir”.
Buna da bax: 'FH': 'Azərbaycanda vəziyyət Gürcüstan və Ermənistandan pisdir' [video]
Bu il Bakıda mayın 12-dən 22-nə kimi IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 20 idman növü üzrə planlaşdırılan yarışlara dünyanın 50-dən çox müsəlman ölkəsindən 3 minə yaxın idmançının qatılacağı gözlənir.