«Biz mitinq təşkilatçıları olaraq məsuliyyətimizi gözəl bilirik. Təhlükəsizlik məsələsi uyğun hakimiyyət qurumlarının vəzifəsidir ki, onlara da müraciət etmişik».
Milli Şura təmsilçisi, AXCP sədrinin müavini Gözəl Bayramlı bunları AzadlıqRadiosuna Baklı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun mitinq təşkilatçılarına xəbərdarlığı ilə bağlı bildirib.
G.Bayramlı deyib ki, aksiyalarda heç zaman hər hansı qanundan kənar addımlara yol verilməyib, bundan sonra da verilməyəcək: «Əksinə, bəzən mitinq təşkilatçıları hökumətin göndərdiyi təxribatçıların qarşısını almalı olurlar. Odur ki, bizim tərəfimizdən hər hansı təxribata yol verilməyəcək».
Milli Şura sabah aprelin 8-i Bakıda mitinq keçirmək niyyətindədir. Aksiyada korrupsiya və monarxiya əleyhinə şüarların səslənəcəyi gözlənir. Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılıb.
Baklı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bildirib ki, mitinqdə hər hansı təxribata imkan verilməyəcək. Onun deməsinə görə, təşkilatçılar idarəyə çağırılıb, bu onların da nəzərinə çatdırılıb. «Bakı şəhər İcra Hakimiyyətinə göndərilən məktubda qeyd edilən şüarlardan başqa şüarlar səslənməsinə, təxribata, qarşıdurmaya yol verilməyəcək. Əks təqdirdə, bunun məsuliyyəti təşkilatçıların üzəridə qalacaq»,-deyə o qeyd edib.