Bu ilin birinci rübündə Bakı Fond Birjasında (BFB-də) qeydə alınan əməliyyatlara satıcı və alıcı qismində daha çox dövlət qurumları qatılıb.
Birjaya heç nə çıxarmayan şirkətlər passiv alıcı rolunu yetərli sayıblar.
Digər mənbələrin təhlilindən belə nəticə çıxır ki, özəl kommersiya təşkilatları və fərdi investorlar çox zaman birjadan kənarda - qeyri-şəffaf mühitdə fəallıq göstəriblər.
Buna da bax: 'Bakı Fond Birjasında həmişə dövlət əsas paya sahib olub'
Alıcılar banklardır
BFB-nin yanvar-mart aylarında birjadakı dövriyyəyə dair açıqlamasında Maliyyə nazirliyinin bazardan 72,3 milyon manat, Mərkəzi Bankınsa (AMB-nin) 207 milyon manat cəlb etdiyi bildirilir. Bu qiymətli kağızları, əsasən, kommersiya bankları alır. Maliyyə nazirliyi büdcə kəsirini örtməyə pul cəlb edir, AMB isə dövriyyədəki manatı azaltmaqla, inflyasiya tempini aşağı salmağı düşünür. İqtisadçılar dövlətin bazarda fəallığını bu amillərə bağlayırlar.
Dövlətə məxsus Azərbaycan İpoteka Fondu ipoteka istiqrazlarının yerləşdirilməsindən 50 milyon 105 min manat götürüb. Çox aşağı faiz dərəcəsi (illik 3 faiz) ilə təklif olunan bu qiymətli kağızların bir hissəsini AMB kommersiya banklarından onların «likvidliyini təmin etmək məqsədilə» satın alıb.
Buna da bax: Qiymətli kağızlar bazarı inkişaf etmək əvəzinə daha da daralıb
Maliyyə nazirliyi - bu dəfə səhm alıcısı kimi
Bu il səhm bazarında Azərbaycan Beynəlxalq Bankından başqa iştirakçı olmayıb. Elə bankın 600 milyon manat dəyərində səhmlərini də bir investor – Maliyyə nazirliyi alıb. Bankın nəzarət səhm zərfinə sahib olan dövlət ona əlavə dəstək üçün səhmdarların ümumi yığıncağında yeni səhmlər buraxılmasını sanksiyalaşdırıb və daha sonra həmin səhmləri elə özü də alıb.
Bazar BFB-dən kənarda «qaynayır»
Üç ayda fond bazarında səhmlərin alış-verişi yarım milyon manatı keçməyib. «Əsl bazar»sa birjadan kənarda «qaynayır». Fond bazarında səhm alış-verişi nəticəsinə uyğun olaraq, Milli Depozit Mərkəzində mülkiyyətçilərin adına rəsmiləşdirilir. İlin ilk iki ayının dövriyyəsi açıqlanıb. Təkcə birjadankənar bazarda 185 milyon manata yaxın məbləğdə qiymətli kağız ticarəti qeydə alınıb. Hansı şirkətlərə aid qiymətli kağızların neçəyə alınıb-satıldığı isə məxfi qalır.
Buna da bax: SOCAR istiqrazlarının qiyməti düşüb
İnvestorları birjaya üz tutmaqdan çəkindirən obyektiv səbəbləri yerli investisiya şirkətlərindən birində adının çəkilməsini istəməyən analitik AzadlıqRadiosu-na belə şərh edib: «Çox vaxt iri məbləğdə olan səhm ticarətini investorlar elə yerində həll edirlər. Belə alış-veriş birjadan 2 dəfə baha başa gəlsə də. Səbəbsə odur ki, ticarət birjada olacağı təqdirdə ödəniləcək vəsait alıcıya bank üzərindən ötürülməlidir. Bu isə əlavə vaxt və maliyyə itkisidir».
Qanun var, əməl edən yox
Azərbaycanda, illərdir ki, şirkət insayderlərinin (10 faiz və daha çox səhmə sahib olan şəxslər, idarəetmə orqanlarında vəzifə tutanlar) onlara məxsus səhmləri satması və yenisini alması haqda məlumatlar gizli saxlanılır. Halbuki istər köhnə qanunvericilik, istərsə 2015-ci ilin yayından qüvvədə olan «Qiymətli kağızlar haqqında» qanun həmin məlumatların açıqlanmasını tələb edir. Bu qanuna görə, şirkətlər insayderlərin adlı siyahısını da açıqlamağa borcludur. Amma hələ ki, bu tələbə də əməl edən yoxdur.