Həbsdəki gənc fəal Qiyas İbrahimovun səhhətindəki problemləri Ədliyyə Nazirliyinin Tibb İdarəsi araşdıracaq.
Gəncin vəkili Elçin Sadıqova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bununla bağlı məktub gəlib.
Bu haqda AzadlıqRadiosu-na vəkilin özü bildirib.
Buna da bax: Qiyas İbrahimovun təcridxana əməkdaşlarından şikayətinə baxılıb
Penitensiar Xidmətin idarə rəisi Mirsaleh Seyidovun göndərdiyi məktubda yazılır ki, Q.İbrahimovun müayinə və müalicə olunması ilə bağlı müraciət baxılması məqsədilə Ədliyyə Nazirliyinin Tibb İdarəsinə göndərilib.
Nəticə haqda müdafiə tərəfinə bilgi veriləcək.
Ötən aydan başlayaraq gənc fəalın görməsində problemlər yarandığı bildirilir.
Buna da bax: Qiyas İbrahimovun səhhəti pisləşib
XATIRLATMA
Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla ötən il mayın 10-da saxlanmışdı.
Daxili İşlər nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin, Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb.
Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.
Buna da bax: ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir
Q.İbrahimov və B.Məmmədov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum ediliblər.