Həbsdəki gənc fəalın gözləri zəifləyib

Sizin brauzer HTML5-i dəstəkləmir

Gənclər bir günün içində necə "narkoman" oldu?

Həbsdəki gənc fəal Qiyas İbrahimovu həkimlər müayinə ediblər.

Bu haqda aprelin 17-də onunla Bakı İstintaq Təcridxanasında görüşən vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, Q.İbrahimovun əhvalı yaxşıdır. «Ancaq gözlərindəki ağrılar davam edir. Həkimlər gözlərini müayinə ediblər. Müalicə məqsədilə dərmanlar yazılıb. Bundan başqa ona eynək də yazılıb», - vəkil bildirib.

Bir aydan çox idi ki, gənc fəalın görməsində problemlər yarandığı bildirilirdi. Ötən həftə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Q.İbrahimovun müayinə və müalicəsi məqsədilə bu nazirliyin Tibb İdarəsinə göstəriş verildiyini bildirmişdi.

XATIRLATMA

Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə ötən il mayın 10-da saxlanmışdı.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin, Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb.

Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.

Q.İbrahimov və B.Məmmədov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum ediliblər.