12 ildir gözlənən qanun

İlham Əliyev

Ölkə iqtisadiyyatının inkişaf hədəflərinin müəyyən olunması, məmurların gəlir bəyannaməsi verməməsi, işsizlik və qida təhlükəsizliyi bu gün medianın aparıcı mövzusudur…

İQTİSADİ İNKİŞAFIN ƏSAS HƏDƏFLƏRİ

«Azərbaycan» qəzetində «Prezident ölkə iqtisadiyyatının ən yaxın hədəflərini açıqladı» sərlövhəli məqalə dərc edilib.

Yazıda dövlət başçısı İlham Əliyevin aprelin 17-də Yevlax rayonunda qeyri-neft ixracatçılarının müşavirəsindəki çıxışı dəyərləndirilir. Çıxışdan belə bir parça da təqdim edilir: «Azərbaycan iqtisadiyyatı bundan sonra yalnız islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektorunun hesabına inkişaf etdiriləcək».

Müəllif yazır ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirini önləməkdən ötrü İ.Əliyev qeyri-neft sektorunun inkişafını qarşıya məqsəd qoyub: «Bu istiqamətdə aparılan islahatlar öz müsbət nəticəsini göstərir, ölkədə çoxsaylı elektrik enerjisi, qaz, su, suvarma, yol-nəqliyyat və digər infrastruktur layihələri həyata keçirilib».

Yazıda ümumilikdə son 14 ildə görülən işlərin əhəmiyyətini çatdırmaqdan ötrü prezidentdən belə bir sitat da gətirilir: «1 milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların 1 milyon 300 mini daimi iş yeridir. Regionlarımız abadlaşıb, şəhərlərimiz gözəlləşib. İndi hər bir bölgəyə səfər edərkən gözəllik, abadlıq görürsən. Bütün bunları biz etdik. Bunlar bizim siyasətimizin nəticəsində mümkün olmuşdur».

Müəllif yazır ki, hazırda ölkədə nəhəng sənaye müəssisələri yaradılmaqdadır. Bu da ölkənin ixrac imkanlarını artırmağa və idxaldan asılılığı azaltmağa xidmət edəcək.

Dünya malı. Karikatura.

GƏLİR BƏYANNAMƏSİ NƏ VAXTA QALDI?

«Exo» qəzetində «Azərbaycanda məmurlar gəlirlərini gizlətməkdə davam edirlər» sərlövhəli məqalə oxumaq olar.

Yazının girişində xatırladılır ki, Azərbaycanda «Dövlət məmurlarının gəlir bəyannaməsi haqqında» qanunun qəbul olunmasından 12 il keçir. Hələ o zaman İlham Əliyev Nazirlər Kabinetinə qanunla bağlı mexanizmin hazırlanmasını tapşırıb. Amma bu günə kimi həmin sənəd hazırlanmayıb. Yazıda belə bir ekspert dəyərləndirməsinə də yer verilir: «Biz hesab edirik ki, dövlət məmurlarının gəlir bəyannaməsi anlaşılan səbəblərdən qəbul edilməyib. Görünür, insanlar var ki, nəyisə gizlətmək istəyirlər. Bundan əlavə, hətta bu qanun işləsəydi belə, real gəlirləri gizlətməyə bir yol tapılacaqdı».

Ekspertlər deyiblər ki, adətən, bu yubanma Nazirlər Kabinetinin

bəyannamə formasını hazırlamaması ilə izah edilir. Bu 12 il ərzində müxtəlif QHT-lər gəlirlər haqqında bəyannamə formaları hazırlayaraq, Nazirlər Kabinetinə göndəriblər. Amma bunlar nəzərə alınmayıb: «Bir qayda olaraq, məmurların əsas hissəsi öz varidatlarını qohumlarının adlarına rəsmiləşdirirlər. Amma görünür, elə məmur qrupu var ki, var dövlətləri ailə üzvlərinin adlarına rəsmiləşdiriblər. Buna görə də, bu qanunun real olaraq işləməsində maraqlı deyillər».

Ekspertlər vurğulayıblar ki, bəzi məmurlar 1000 manat maaş alır, amma yüksək varidata malikdirlər.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov prosesin bu qədər gecikməsini yolverilməz sayır: «Bu qanun korrupsiya ilə mübarizədə mühüm əhəmiyyətə malikdir. Amma bu və ya digər səbəbdən bəyannamənin təsdiq olunması yubanır».

İşsizlik. Karikatura.

RƏSMİ RƏQƏMLƏRƏ ŞÜBHƏ

«Novoye Vremya» qəzetində «İşsizlik problemi böyüyür» sərlövhəli məqaləyə yer verilib.

Müəllif yazır ki, iqtisadi böhranla bağlı işsizlik ölkənin ən ciddi problemlərindən birinə çevrilməkdədir: «Dövlət sektoru işçi sayını azaldıb, işsizliyə görə ölkədə verilən müavinətin həcmi, inflyasiyanı nəzərə alsaq, azalıb».

Yazıda 2016-cı ildə bank sektorundakı problemlər xatırladılır. 10-dan çox bankın bağlanması ilə bir çox şəxslərin işsiz kimi qeydiyyata düşdükləri bildirilir.

Müəllifin düşüncəsinə görə, indiki halda müavinətlə dolanmaq çox çətindir. Üstəlik, yazıda bir məqama da diqqət çəkilir. Müəllif insanlara tövsiyə edir ki, işəgötürənlərlə müqavilə bağlamağa çalışsınlar. Çünki gələcəkdə işlərini itirəcəkləri təqdirdə, bu müqavilədən faydalana bilərlər.

Yazıda rəsmi statistikaya şübhə də bildirilir. Müəllif xatırladır ki, ölkədə rəsmi 36 min nəfər işsizin qeydə alındığı bildirilir: «Bu rəqəmlərə inansaq belə çıxır ki, ölkədə işsizliyin səviyyəsi çox cüzidir. Bu da Azərbaycan statistikasının paradokslarından biridir. Bazar iqtisadiyyatı ölkələrində hətta iqtisadiyyatın çiçəklənən dövründə bu işsizlik 5 faizdən aşağı düşmür».

Eyyub Hüseynov

«LEŞ MAFİYASI»

Musavat.com saytında ««İt ətini yemək olar» iddiasına Baytarlıq Xidmətindən reaksiya verildi» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ölkədə «leş mafiyası»nın 20 ildən artıq fəaliyyət göstərdiyi və onlarla mübarizə apardıqları barədə açıqlama verib.

Qəzetin əməkdaşı məsələni araşdırmaq məqsədilə Kənd Təsərrüfatı yanında Baytarlıq Nəzarəti Xidmətinin (BNX) nümayəndələri ilə görüşüb.

Xidmət nümayəndələri «leş mafiyası» ilə bağlı deyilənlərə kəskin reaksiya göstəriblər: «İt ölüsü harada satılır? Eşşək cəsədi harada tapılıb ki, mətbuatda belə şeylər danışılır? Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı eşşək və ya it əti aşkar olunub?».

Xidmət nümayəndələri AİB sədri E.Hüseynovun ittihamlarına birbaşa cavab vermək istəməyiblər. Amma belə bir açıqlama veriblər: «Vətəndaş öz fikrini deyə bilər, amma müayinələrin nəticəsində eşşək-it əti müəyyən olunmayıb. Keçən rüb ərzində aparılan baytarlıq baxışı zamanı 70 ton mənşəyi bilinməyən, sağlamlığa dair heç bir sənədi olmayan ət və ət məhsulları aşkar olunub. 70 tonun 30 tonu kolbasa və kolbasa məmulatlarıdır. Aşkar olunan ətlərdən 5.3 tonu at əti olub. Həmin ətlərin arasında it və eşşək ətləri olmayıb».