«Aprelin 19-u Şüvəlandakı istintaq təcridxanasında bloqqer Mehman Hüseynovla görüşdüm. Durumu yaxşıdır, amma saxlanma şəraiti normal deyil».
Bunu AzadlıqRadiosuna M.Hüseynovun vəkili Elçin Sadıqov bildirib.
E.Sadıqov deyir ki, M.Hüseynovun cəzaçəkmə müəssisəsinə köçürülməsi gözlənilir. Amma hansı müəssisəyə göndəriləcəyi məlum deyil: «Bununla əlaqədar onu etapa göndərilənlərin kamerasında saxlayırlar, orada da darısqallıqdır, 10 nəfər saxlanmalı olan kamerada 15 nəfər saxlanılır. M.Hüseynov bu gün də cəzaçəkmə müəssisəsinə göndərilə bilər».
Vəkilin açıqlamasına, hələlik, təcridxana rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
XATIRLATMA
M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.
Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.
Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.
Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı Apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.