«Dövlət qulluğuna qəbulda test və müsahibə mərhələsinin keçirilməsinə bəzi dəyişikliklər olunur. Normativ-hüquqi baza tam formalaşmadığına görə bütün normativ-hüquqi aktların qəbul olunmasını gözləyirik».
Bunu bu gün, aprelin 21-i jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
Onun bildirməsinə görə, hazırda DİM vakant dövlət qulluğu vəzifələrinə namizədləri seçmək məqsədilə müsabiqənin keçirilməsinə hazırlıq işləri aparır: «Bir sıra dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə əvvəl həmin orqanda çalışmış şəxslər dövlət qulluqçusu statusunu itirir. Publik hüquqi şəxs kimi əmək müqaviləsi əsasında çalışırlar».
B.Xəlilov deyib ki, vakant vəzifələri qanunvericiliyə uyğun olaraq bütün dövlət orqanları DİM-ə təqdim edirlər: «Hazırda müsahibənin keçirilməsi qaydaları müvafiq orqanlara təqdim olunub və biz bu yaxınlarda həmin qaydaların təsdiq olunmasını gözləyirik».
Ötən ildən etibarən ölkədə bir sıra dövlət orqanları publik hüquqi şəxslərə çevrilib.
Elə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da ləğv edilərək, onun bazasında DİM publik hüquqi şəxs yaradılıb.