“Azərbaycanda QHT-lərin yaradılması və fəaliyyətinə dair qanunvericilik Avropa standartlarının tələblərinə cavab vermir”.
Avropa Birliyi (AB) və Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə beynəlxalq ekspertlərin hazırladığı QHT-lərə dair Azərbaycan qanunvericiliyinin, təcrübəsinin standartlara uyğunlaşdırılması adlanan sənəddə belə yazılır.
“QHT-lərə dini məsələlərlə məşğul olmaq qadağan edilməli deyil”
Tövsiyə xarakterli sənəddə Azərbaycanda QHT-lərin yaradılması və fəaliyyəti ilə əlaqədar qanunvericiliyə, digər normativ-hüquqi sənədlərə çoxsaylı dəyişikliklər təklif edilir.
Buna da bax: AŞ binasının önündə mühacirlərin aksiyası
Sənəddə vurğulanır ki, 2009-2016-cı illərdə QHT-lərlə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər duzəldilməlidir. Ekspertlər bunu Avropa Konvensiyası və Azərbaycanın qoşulduğu digər beynəlxalq sənədlərlə əsaslandırırlar.
“Qanunvericilikdə, sadəcə, nəzərdə tutulmalıdır ki, QHT-lər konstitusiya və qanuna zidd olmayan istənilən fəaliyyətlə məşğul ola bilər. QHT-lərə siyasi və dini xarakterli məsələlərlə məşğul olmaq qadağan edilməli deyil”, - sənəddə vurğulanır.
QHT-lərin qeydiyyatı onlayn olmalı, qrantların qeydiyyatı ləğv edilməlidir
Buna da bax: 12 ildir gözlənən qanun
Sənədə görə, dövlət qeydiyyatsız ictimai birliklərin də fəaliyyətini məhdudlaşdırmamalı, insanların ölkədə yaşayıb-yaşamamasını QHT yaratmağa əngəl kimi nəzərdə tutmamalıdır.
Beynəlxalq ekspertlərin əsas tövsiyələrindən biri QHT-lərin qeydiyyatı ilə bağlıdır. Onların fikrincə, qeydiyyat onlayn formada həyata keçirilməlidir.
Sənəddə vurğulanır ki, ianələrin bank köçürmələri vasitəsi ilə verilməsi tələbi aradan qaldırılmalı, xarici maliyyə vəsaitlərinin alınmasına qoyulan məhdudiyyətlər ləğv edilməlidir.
Buna da bax: Azərbaycanda QHT-lər arasında yeni çəkişmə: Bakı öhdəliklərini yerinə yetirib, ya yox?
Ekspertlər hesab edirlər ki, hökumət qrantların və xidmət müqavilələrinin qeydiyyata alınması tələbini də aradan qaldırmalı, xarici QHT-lərlə bağlı şərtləri də dəyişməlidir.
Sənəddə QHT-lərin fəaliyyətinin dayandırılması barədə müddəanın ümumiyyətlə qanunvericilikdən çıxarılması təklif edilir. QHT-lərin ləğvi barədə müddəa isə ciddi pozuntu halları ilə məhdudlaşmalıdır.
Ekspertlər həmçinin hesab edir ki, QHT-lərə şamil edilən cərimələr və onların məbləği məhdudlaşdırılmalıdır.
Buna da bax: Yerli QHT-lər MHŞT sədrindən kömək istəyir
Xatırlatma
2013-cü ildə Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə çoxsaylı dəyişikliklər edilib. Həmin dəyişikliklərdən sonra ölkədəki QHT-lərin bir çoxu, özəlliklə də xaricdən maliyyələşən birliklər fəaliyyətini dayandırmalı olublar. Həmin QHT-lər ölkə qanunvericiliyinin normal fəaliyyət göstərməyə imkan vermədiyini deyirlər. Hökumət təmsilçiləri isə sözügedən dəyişikliklərin şəffaflığa xidmət etdiyini, bunun çox vacib olduğunu vurğulayırlar.
Son zamanlar həm Azərbaycanın içindən, həm də beynəlxalq qurumlardan vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunların dəyişdirilməsi barədə təkliflər səsləndirilir.