Bu gün, aprelin 25-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) qurumun bəzi üzvləri ilə bağlı korrupsiya ittihamlarının araşdırılması məqsədi ilə müstəqil ekspert qrupunun səlahiyyətlərini təsdiq edib.
Bu qərar assambleyanın plenar iclasında təsdiqlənib.
Bu barədə AŞPA mətbuat xidməti məlumat yayıb.
Buna da bax: Səməd Seyidov: 'Avropa Şurası bu gün gərgin dövr yaşayır'
Büro AŞPA Baş Katibinə araşdırma missiyası ilə əməkdaşlıq edə biləcək müvafiq müəssisələrə və vəzifəli şəxslərə məlumat verməyi tapşırıb.
Araşdırma orqanının tərkibi haqqında təkliflər büronun gələn iclasında irəli sürüləcək.
“Caviargate” kimi tanınan qalmaqal 2013-cü ilin yanvarında AŞPA-nın bəzi üzvlərinin “pulla satın alındığı” haqqında iddialar ilə əlaqədar yaranıb.
Bu ilin yanvarında 60-dan çox AŞPA deputatı belə məsələlərlə ilə bağlı müstəqil araşdırma aparmağı tələb edib. Transparency İnternational QHT də bu ittihamları araşdırmaq tələbi ilə Avropa Şurasına açıq müraciət göndərib.
Buna da bax: Azərbaycanın 'qərbli siyasətçiləri necə satın alması' araşdırılıb
Yaxın günlərdə isə İtaliyada adı qalmaqala qarışan keçmiş AŞPA vitse-prezidenti Luka Volonte məhkəmə qarşısına çıxarılacaq. Onun Azərbaycan hakimiyyətinin nümayəndələrindən siyasi məhbuslarla bağlı məruzənin qəbul edilməməsi əvəzində 2,9 mln. avro aldığı iddia olunur.
Suriyaya səfərinə və Dəməşqdə Bəşər Əsədlə görüşünə görə istefa tələbi ilə üzləşən hazırkı AŞPA prezidenti, ispaniyalı Pedro Agramuntun də oxşar ittihamlarla üzləşəcəyi istisna edilmir.
Buna da bax: Kürü diplomatiyası AŞPA prezidentinə də çatdı [video]
Almaniyanın “Avropa Sabitlik Təşəbbüsü” QHT-nin məlumatına görə, Agramunt Azərbaycanda seçkilər zamanı ardıcıl olaraq Bakıdakı hakimiyyəti müdafiə edib. Onun, uzun müddət “Caviargate” qalmaqalı ilə bağlı araşdırmaların həyata keçirilməsini ləngitdiyi söylənir.