QHT-lər palatadan niyə narazılıq edir?

Azərbaycanda fəaliyyət göstərən QHT-lərin yığıncağı.. 25aprel2017

«“Nağdsız hesablaşmalar haqqında” qanunun icrası ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara göndərdiyi məktub düzgün anlaşılmayıb. Bu, bütün hüquqi şəxslərə, fərdi sahibkarlara və o cümlədən QHT-lərə münasibətdə tətbiq edilməyə başlanılıb. Nəticədə QHT-lərin fəaliyyətində bir sıra problemlərin yaranmasına səbəb olub».

Bunu “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirib.

Buna da bax:​ Deputat: 'QHT sektorunda problem yoxdur'

Onun deməsinə görə, banklar QHT-lərin korporativ bank kartları ilə bankomatdan pul nağdlaşdırmasını faktiki qadağan edib. Həmin kartlardan nağd pul vəsaitinin əldə edilməsinə maneələr yaradılıb, kartlar bloklaşdırılıb.

“Palatanın məktubunda göstərilib ki, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur. Lakin banklar sözügedən müddəanı QHT-lərə də şamil ediblər”.

R. Səfərəliyeva deyib ki, qanunda fərdi sahibkarlara bankomatdan 15 min manata qədər nağdlaşdırma həddi müəyyən edilib. Ancaq praktikada banklar bu məbləği heç bir əsas olmadan 5 min manata kimi azaldıblar.

Buna da bax: Avropa Birliyinin QHT-lərlə bağlı tövsiyələri

“Təşkilatımıza daxil olmuş şikayətlərdən məlum olur ki, fərdi sahibkarlara korporativ bank hesablarından ayda cəmi 5 min manat məbləğinə qədər nağdlaşdırma həddi müəyyən edilib. Sahibkar yerdə qalan 10 min manatı nağdlaşdırmaq üçün banka getməyə məcburdur. Hesab edirik ki, sözügedən bu məhdudiyyətin heç bir qanuni əsası yoxdur”, R.Səfərəliyeva bildirib.

O, vurğulayıb ki, palatanın banklara göndərdiyi məktub və ya göstəriş qanun çərçivəsində icra edilməlidir. Palatanın qanundankənar məhdudiyyətlər yaradılmasına dair göstəriş verməyə səlahiyyəti yoxdur.

“Biz ölkədə nağdsızlaşma prosesini dəstəkləyirik. Lakin bu prosesin nağd əməliyyatlara total qadağa qoyulması yolu ilə deyil, ağlabatan məhdudiyyətlərin tətbiqi vasitəsilə təşviq edilməsini dəstəkləyirik”, - R.Səfərəliyeva bildirib.

Buna da bax:​ ‘Qrant qanunvericiliyi sadələşdirilməlidir’

Maliyyə Bazarlarına Nəzarət Palatası və banklar QHT rəhbərinin açıqlamasını şərh etməyiblər.

Xatırlatma

QHT-lərin nağd əməliyyatlar aparmasına tətbiq edilən məhdudiyyətlər bir neçə gündür ki, gündəmdədir.

Bundan əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurası rəsmiləri də durumdan narahatlıqlarını bildiriblər.

“Nağdsız hesablaşmalar haqqında” qanunu 2016-cı il dekabrın 16-da ölkə başçısı təsdiqləyib.

Buna da bax:​ 'QHT qanunvericiliyi Avropa standartlarına cavab vermir'

Qanun əlavə dəyər vergisi (ƏDV) məqsədlərindən ötrü qeydiyyata alınan, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən qüvvəyə minib.

Digər vergi ödəyicilərinə münasibətdə isə qanun aprelin 1-dən qüvvədədir.