“Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələlərinə uyğun şəkildə ümumxalq səsverməsi keçirilə bilər. Bu baxımdan, Qarabağ münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər. Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul etmirəm. Bunun üçün əsas yoxdur ”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
O bildirib ki, statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər:
“Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq”.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.