Ombudsmandan vəkilə cavab gəlib. Amma...

Elmira Süleymanova

“Qiyas İbrahimovu aprelin 7-də təcridxanada oftalmoloq (göz həkimi-AR) konsultasiya edib. Nəticədə onun yalnız uzağı görməsində yüngül zəifləmə müəyyən edilib. Bu isə eynəklə tam korreksiya edilir. Q. İbrahimovda olan astiqmatizmin (gözün optik sistemində qüsur) anadangəlmə olduğu da müəyyən edilib”.

Ombudsman Elmira Süleymanovanın həbsdəki gənc fəal Qiyas İbrahimovun vəkili Elçin Sadıqova göndərdiyi cavab məktubunda belə yazılır.

Vəkil bir müddət öncə ombudsmana müraciət edərək gənc fəalın görmə probleminin olduğunu, onun müalicəsindən ötrü yardım göstərməsini xahiş etmişdi.

Ombudsman bildirir ki, Q.İbrahimovun sağlıq durumunun öyrənilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Tibb Xidməti İdarəsinə müraciət edib. Tibb Xidmət İdarəsi öz növbəsində ombudsmana cavab verib ki, “Qiyas İbrahimov Bakı İstintaq Təcridxanasına daxil olarkən səhhəti ilə bağlı şikayət bildirməyib”.

“Onun bədən səthində xəsarət izləri müəyyən edilməyib. Klinik, laborator, rentgenoloji müayinələr zamanı ambulator və ya stasionar müalicəyə zərurət yaradan hər hansı xəstəlik əlamətləri müəyyən edilməyib”, məktubda bildirilir.

Ombudsmanın məktubunda həmçinin o da vurğulanır ki, Q.İbrahjimova klinik, laborator, rentgenoloji və digər müayinələrdən keçməsi təklif olunub. Ancaq gənc fəalın müayinədən imtina etdiyi bildirilir.

Bir ay bundan əvvəl gənc fəalın vəkilləri onun görməsində problemlər yarandığını açıqlamışdılar. Q. İbrahimovun özü də bu günlər ictimaiyyətə göndərdiyi yazıda bunu açıqca bildirirdi.

XATIRLATMA

Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə ötən il mayın 10-da saxlanmışdı.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin tapılıb. Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilirdi.

Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazıldığına görə həbs olunduqlarını bəyan ediblər. Üstəlik, onlar saxlandıqdan sonra işgəncələrə məruz qaldıqlarını bildirmişdilər. Ancaq onda da Omudsman Aparatının əməkdaşları gənc fəallarla təcridxanada görüşmüş, onlara işgəncə verilmədiyini açıqlamışdılar.

Q.İbrahimov və B.Məmmədov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum ediliblər.