«Rusiyanın Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsini bütün Azərbaycan ictimaiyyəti, xarici ölkələrdə yaşayan soydaşlarımız dərin təəssüf hissi və ciddi narahatlıqla qarşılayıb».
Bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin ÜAK-ın qeydiyyatının Rusiyada ləğv edilməsi ilə bağlı bəyanatında əksini tapıb.
Komitə ÜAK-ın qeydiyyatının ləğvi barədə qərarın arxasında Azərbaycan-Rusiya strateji tərəfdaşlığını öz maraqlarına təhlükə görən qüvvələrin məqsədyönlü fəaliyyətinin dayanmasından şübhələnir.
Qurum vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik missiyasını həyata keçirən və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatının qeydiyyatının ləğvi Azərbaycan ictimaiyyətində bu ölkənin tərəfsizliyinə olan inama xələl gətirə bilər.
«Ümumrusiya Azərbaycanlıları Konqresinin bütün qurultayları, toplantıları Rusiya Federasiyasının müvafiq dövlət qurumları ilə razılaşdırılmış şəkildə həyata keçirilib.... Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət edəcək və ədalətin bərpa olunmasına çalışacaq», - bəyanatda bildirilir.
XATIRLATMA
Mayın 15-də Rusiyanın Ali Məhkəməsi «Ümumrusiya Azərbaycan Konqresi» (ÜAK) ictimai təşkilatının ləğvi barədə Ədliyyə Nazirliyinin iddiasını təmin edib.
Məhkəmənin qərarında buna səbəb kimi təşkilatın nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması göstərilib.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin-in dəstəyi ilə yaradılıb.
Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatı sayılır. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var.