Helsinki Komissiyası: 'Maqnitski qanunu'nu genişləndirmək lazımdır

Roger Wicker

ABŞ Helsinki Komissiyası mayın 17-də Rusiyanın regionda aqressiv siyasəti ilə bağlı narahatlığını bildirib.

Komissiya Rusiyanın sərhədlərinin hüdudlarından kənarda davranışını öyrənmək məqsədi ilə toplaşıb.

Komissiyanın sədri, senator Roger Wicker bildirib ki, Moskva öz qonşularına birbaşa aqressiya ilə yanaşı, adi silahlara nəzarət haqqında bir neçə sazişin effektiv fəaliyyətini, inam və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini pozub.

«Rusiya dövlətlər arasındakı Helsinki Yekun Aktının on rəhbər prinsipini pozur», - senator Ben Cardin isə əlavə edib.

Komissiyanın həmsədri konqresmen Chris Smith isə belə deyib:

«Moskva güc yolu ilə suveren əraziləri işğal edib, başqa ölkələrə qarşı taktiki nüvə silahını tətbiq edəcəyi ilə hədələyib. ABŞ-ın və onun müttəfiqlərinin hərbi obyektlərini izləyib, götürdüyü öhdəliklərə baxmayaraq, şəffaflıqdan imtina edib. Bu, yolverilməzdir».

«MOSKVA AVROPA BİRLİYİ VƏ NATO-NU ZƏİFLƏTMƏK İSTƏYİR»

Senator Marco Rubio da Rusiyanın hərəkətləri ilə bağlı narahatlığını bildirib.

«Rusiya siyasəti ilə mübarizədə «Maqnitski qanunu» nə dərəcədə effektiv olub?», - senator Jeanne Shaheen sual edib.

Onun deməsinə görə, Moskva postsovet məkanında təsir dairəsi axtarır, Avropa Birliyi və NATO-nu zəiflətmək istəyir.

«ABŞ bu cür təxribatların qarşısında Şərqi Avropa və Baltikdən olan müttəfiqlərini müdafiə etməlidir», - o vurğulayıb.

Müzakirələrdə mövzu bir sıra yöndən təhlil edilib.

«Maqnitski qanunu»na gəlincə, onu «genişləndirmək, diqqəti oliqarxların ailəsinə yönəltmək, onların ailə üzvlərini ABŞ kolleclərinə qəbul etməmək lazımdır», - vurğulayıblar.

XATIRLATMA

Obama administrasiyası və ABŞ Konqresi 2012-ci ildə Maqnitski Aktını qəbul edib. Qanun insan haqlarının pozuntusunda suçlu sayılan rəsmilərə sanksiyalar tətbiq edilməsini özündə ehtiva edir.

Bu qanun Rusiyada korrupsiyaya ilə mübarizə aparan vəkil Sergei Magnitsky-nin adıyla bağlıdır. O, rəsmiləri 230 milyon dollarlıq vergi fırıldağında ittiham edəndən sonra həbsə atılıb və 2009-cu ildə həbsdə vəfat edib.