Tikintidə çalışanların qazancı 2 faiz artıb

Fəhlələr

Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti sahəsində çalışan muzdlu işçilərin orta sayı 87.9 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir

Onların 40.4 min nəfəri binalarda, 24.1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23.4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıblar. İşçilərin 30.2 faizi dövlət, 69.8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində fəaliyyət göstəriblər.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı 835.4 manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqı 970.8, dövlət sektorunda isə 526.7 manat olub.

DSK bildirir ki, tikinti müəssisələrinin 60.1 faizində işçilərin orta aylıq nominal əməkhaqqı 300 manatdan aşağı, 29.6 faizində 301-600 manat, 3.5 faizində 601-900 manat, 6.8 faizində isə 900 manatdan yüksək olub.

Rəsmi statistikaya görə, bu ilin əvvəlində ölkədə qiymətlər 10 faizdən çox artıb.