İlahiyyatçının məhkəməsi qalmaqalla başladı

İlahiyyatçı Sərdar Babayev

“Azərbaycan əhalisinin 90 faizindən çoxu müsəlmandır və cümə namazı xalqın dəyəridir. Bu dəyərin qanunla məhdudlaşdırılması bir növ islam dininə basqıdır”.

Mayın 19-u Masallı Rayon Məhkəməsindəki çıxışında dini ayinlər adı altında insanların hüquqlarına qəsd etməkdə ittiham olunan ilahiyyatçı Sərdar Babayev belə deyib.

İlahiyyatçı ona verilən ittihamın mahiyyətini başa düşməyə çalışdığını, amma anlamağa çətinlik çəkdiyini ifadə edib.

Buna da bax:​ Xaricdə dini təhsil alanlara məhdudiyyət götürüldü

“Bu yersiz ittihamın mahiyyəti mənə aydın deyil. Əgər qanunlarda Avropa standartlarına istinad edirlərsə, hər həftənin cümə günü dünyanın inkişaf etmiş bütün ölkələrində, Avropada, Amerikada, hətta müsəlman əhalisi az olan ölkələrdə belə cümə günü “cümə namazı” qılınır. Həmin namazların çoxunu da məhz mənim təhsil aldığım beynəlxalq universitetin məzunları icra edir”, ilahiyyatçı məhkəmə heyətinə xitabən bildirib.

Yenə cinayət işi açacaqsınız?...

Sərdar Babayev həmçinin deyib ki, söhbət xaricdə təhsil almadan gedirsə o, təhsilini 2000-ci ildə bitirib və geri qayıdıb. Məhdudlaşdırıcı qanun isə 2015-ci ildə qəbul olunub.

“Qanunun geri tətbiqi olmadığı üçün mənə də aidiyyəti yoxdur”, deyən ilahiyyatçı hakimə sual edib ki, “əgər sabah anam dünyasını dəyişsə və anam üçün meyit namazı qılmaq istəsəm onda mənə yenə cinayət işi açacaqsınız?”..

Buna da bax:​ Şeyxin səlahiyyətləri artırılır

Vəkil Cavad Cavadov isə məhkəməyə bir neçə vəsatət təqdim edib.

Vəsatətlər məhkəmənin audio və videosunun lentə alınması, vəkillərin S.Babayevlə yanaşı əyləşməsinə imkan yaradılması ilə bağlı olub. Dövlət ittihamçısı bu vəsatətə etiraz etməyib, ancaq məhkəməyə sədrlik edən hakim Anar Alməmmədov qərar verilməsini növbəti iclasa saxlayıb.

Digər vəsatətlər Sərdar Babayevin həbsinin ev dustaqlığı ilə əvəz olunması, işin ibtidai istintaq baxışından ötrü yenidən prokurorluğa göndərilməsi ilə bağlı olub. Həmin vəsatətlərə dövlət ittihamçısı etiraz edib. Öz növbəsində məhkəmə də vəsatətləri rədd edib.

Həbs qətimkan tədbirinin tamamilə ləğv edilməsi ilə bağlı vəsatət də qəbul olunmayıb.

Növbəti məhkəmə iclası mayın 25-də keçiriləcək.

Buna da bax: İlahiyyatçı Sərdar Babayev həbsdə qalıb

Məhkəmə önündə

Məhkəmə prosesi keçirilərkən binanın qarşısında qarışıqlıq yaranıb. Prosesi izləməkdən ötrü müxtəlif rayonlardan gələn, eləcə də yerli yüzdən artıq inanclı insanın məhkəmə qarşısına toplaşmasına imkan verilməyib.

Əraziyə cəlb edilən polis qüvvələri onları dağıdıblar. Yaranan qarışıqlıq zamanı 6 nəfərin saxlanaraq polisə aparıldığı bildirilir.

Ancaq onların sonrakı taleyinə, hələlik, polisdən aydınlıq gətirmək mümkün olmayıb.

Prosesi işıqlandırmaq istəyən media təmsilçilərinin də basqıya məruz qaldığı söylənir.

Dini məzmunlu “İslamın Səsi" xəbər saytının baş redaktoru Xəyal Şükür saxlanıb. Jurnalistin əlindən alınan peşə alətləri materiallar silindikdən sonra geri verilib və jurnalist sərbəst buraxılıb.

Buna da bax:​ İlahiyyatçının müdafiə konfransı keçirilib

XATIRLATMA

Bu il fevralın 22-si Masallı Rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirir ki, S. Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Buna da bax:​ 'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu il mayında yumşaldılıb. Artıq, xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Yerli sakinlərin AzadlıqRadiosu-na bildirməsinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.