«Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları olan M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin və digərlərinin əsərləri toplanıb nəşr edilməli, onların fəaliyyəti ilə bağlı sənədli filmlər hazırlanmalıdır».
Tarixçi-alim Nəsiman Yaqublunun AXC-nin 100 illiyi ilə bağlı ölkə başçısına göndərdiyi təkliflərdə belə yazılır.
Tarixçi-alim AXC-nin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı prezidentin bu günlərdə verdiyi sərəncamın təqdirəlayiq olduğunu düşünür. Bununla belə, vurğulayır ki, bəzi tədbirlərin keçirilməsi vacibdir.
***Buna da bax-'Kimin xoşu gəlmir, Azərbaycanın sərin suları çoxdur...'
N.Yaqublu təklif edir ki, AXC-nin bütün müsəlman Şərqində və türk dünyasında ilk demokratik dövlət olması əsas təbliğat vasitəsinə çevrilməlidir. Bundan başqa, Azərbaycanda yaradılan dövlət təsisatlarının hər birinin 100 illiyi ayrılıqda qeyd edilməlidir.
Azərbaycan dilinin dövlət dili olması haqqında ilk qərarın verilməsinin və senzuranın ləğvinin 100 illiyinin də ayrılıqda qeyd edilməsi ölkə başçısına təklif edilir.
***Buna da bax-'Kiminsə Yerevanı Ermənistana 'verməsindən' söz açmaq savadsızlıqdır'
Müraciətdə həmçinin, bildirilir ki, mühacirət həyatı yaşamış cümhuriyyət qurucularının həyat və fəaliyyəti ilə bağlı olan sənədlərin toplanılıb Azərbaycana gətirilməsi, onların xarici ölkələrdəki məzarlarının da nəzarətə götürülməsi vacibdir.
XATIRLATMA
Prezident İlham Əliyev mayın 16-da AXC-nin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. Həmin sərəncamda deyilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib. Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini və sinfi bərabərsizliyi ortadan qaldırıb.
Həmin sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilməlidir. Nazirlər Kabineti bununla əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Ancaq sərəncamda AXC qurucularının adları çəkilmirdi. Əvəzində keçmiş prezident, hazırkı dövlət başçısının mərhum atası Heydər Əliyevin xidmətlərindən bəhs olunurdu...