M.Əliyeva: 'Azərbaycan idmançıları, sizin fədakarlığınız...'

M.Əliyeva

Mayın 22-də Bakı Olimpiya stadionunda IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.

Böyük monitorda Azərbaycanın bir çox təbii və memarlıq abidələri - Şəki Xan Sarayını, Qobustan Milli Qoruğunu, Şirvanşahlar Sarayını, Qız Qalasını, Heydər Əliyev Mərkəzini seyr edən tamaşaçının diqqəti yenidən Bakı Olimpiya Stadionuna yönəlib.

Daha sonra idmançıların paradı başlanıb. İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil olublar. Parada ev sahibi olan Azərbaycan atletləri yekun vurub.

Bağlanış mərasimində yarışların Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib.

«Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar».

M.Əliyeva Azərbaycanın bu yarışlarda birinci olmasının üzərində xüsusi dayanıb:

«Azərbaycanın milli komandası 162 medal, o cümlədən 75 qızıl medal qazanaraq, birinci yer tutdu. Bu bizi bir daha fərəhləndirdi. Azərbaycan idmançıları, sizin fədakarlığınız və ustalığınız həmvətənlərimizi ilhamlandırmaqda davam edir və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək».

Mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Yarışmada 54 ölkədən 3 mindən çox idmançı iştirak edib. Azərbaycanı oyunlarda 425 atlet təmsil edib.

Medal saylarına görə ikinci sırada Türkiyə, üçüncü sırada isə İran qərarlaşıb.