Fərman Ceyranlı həbs edilib

F.Ceyranlı

Mayın 23-ü Tbilisi şəhər Məhkəməsi «Lanset» klinikasının həmtəsisçisi Fərman Ceyranlı barədə iki aylıq həbs-qətimkan tədbiri seçib.

F.Ceyranlının Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunduğu bildirilir.

Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə şübhəli sayılır.

Verilən məlumatlara görə, cinayət işi ötən il qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Fərman Ceyranlı mayın 22-də saxlanmışdı.

XATIRLATMA

Fərman Ceyranlı əslən Gürcüstandandır. O, 1980-ci ildə Bakıda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Həmin vaxtdan 1 saylı Tbilisi şəhər Klinik Xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.

F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lanset» klinikasının yaradıcılarından biri olub.