Beynəlxalq Bankın reytinqi yenə salına bilər

Beynəlxalq Bank

“Xarici ölkələrdə eyni prosesi keçmiş başqa bankların təcrübəsinə istinad edilsə, yaxın günlərdə Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqi aşağı salına bilər”.

Beynəlxalq Bankın İdarə Heyəti sədrinin birinci müavini Abbas İbrahimov belə deyib.

Ancaq onun sözlərinə görə, bu, bankın vəziyyətinin pisləşməsinə dəlalət etmir.

Buna da bax:​ AXCP sədri: 'Ölkə başçısının xəbəri olmadan...'

"Bu, agentliklərin tətbiq etdiyi ənənəvi qaydadır. Restrukturizasiya prosesi keçən bankın reytinqləri aralıq mərhələdə bir qayda olaraq müvəqqəti aşağı salınır. Proses bitdikdən sonra isə yüksəlir", – deyə o bildirib.

A.İbrahimov deyib ki, restrukturizasiya prosesi Azərbaycan Beynəlxalq Bankının maliyyə mövqeyini gücləndirəcək və bankın reytinqləri əvvəlkindən də yüksək səviyyədə olacaq. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsidir.

"Moodys" və "Fitch Ratings" reytinq agentlikləri mayın 15-də xarici kreditorlara borcu ilə əlaqədar ABB-nin reytinqini azaldıb. "Fitch Ratings" bankın reytinqini "ССС" səviyyəsində elan edib. "Moody’s" isə banka "Caa3" reytinqini verib. Bu artıq, iflasa yaxınlaşmaq anlamına gəlir.

Buna da bax:​ Azərbaycan Beynəlxalq Bankı borcdan çıxmaq üçün kreditorlara nə təklif edir?

Bir gün əvvəl, yanvarın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Görüşdə maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və bankın İdarə Heyətinin sədri Xalid Əhədov iştirak edib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir.

ABB-nin kreditorlarının təklif edilən plandan narazı qaldığı bildirilir.

Buna da bax:​ ABB-nin kreditorları restrukturizasiya planlarından narahatdır

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür.

Verilən məlumata görə, bankın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Beynəlxalq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.