'Qiyasın gözlərinin nurunu sönməyə qoymayın'

Gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova

10 il azadlıqdan məhrum edilmiş gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova Ombudsman Aparatı, Beynəlxalq Qızıl Xaç Komitəsi, səfirliklər və beynəlxalq hüquq müdafiəçilərinə müraciət ünvanlayıb.

O, müraciətində oğlunun saxlanma şəraitinin pis olduğunu bildirib.

Anasının deməsinə görə, pis şərait oğlunun onsuz da zəif olan görmə qabiliyyətinə daha da mənfi təsir göstərir.

Buna da bax:​ Qiyasın anası: 'Son hadisələrdən narahatam...'

Ş.Əmiraslanova yazır ki, oğlu ilə görüş zamanı onun ağır vəziyyətdə olduğunu görüb.

"Qiyasın həyatı və səhhəti məni çox narahat edir. Mənim narahatlığıma əsas var. Ona normal gözlük belə vermirlər", - ana öz müraciətində vurğulayıb.

Ş.Əmiraslanova daha sonra yazıb:

"Qiyasın gözlərinin nurunu sönməyə qoymayın. Onlar təkcə Qiyasın gözlərinin deyil, bu məmləkətdə gələcəyini qurmaq istəyən minlərlə gəncin gözlərinin işığıdır. Qiyas və onun kimi haqsızlığa etiraz edib həbsdə olanları tək qoymayın"

Buna da bax:​ Həbsdəki gənc fəalın gözləri zəifləyib

Şura Əmiraslanovanın oğlunun saxlanma şəraiti və səhhəti ilə bağlı dediklərinə hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ancaq bundan öncə Qiyas İbrahimovun vəkili də ona tibbi yardım göstərilməsini nəzarətə götürməsindən ötrü Ombudsmana müraciət etmişdi. Həmin müraciətə Ombudsman Aparatından cavab gəlmişdi.

“Qiyas İbrahimovu aprelin 7-də təcridxanada oftalmoloq (göz həkimi - AR) konsultasiya edib. Nəticədə onun yalnız uzağı görməsində yüngül zəifləmə müəyyən edilib. Bu isə eynəklə tam korreksiya edilir. Q. İbrahimovda olan astiqmatizmin (gözün optik sistemində qüsur) anadangəlmə olduğu da müəyyən edilib”, ombudsman Elmira Süleymanovanın həbsdəki gənc fəalın vəkili Elçin Sadıqova göndərdiyi cavab məktubunda belə yazılırdı.

Buna da bax:​ Ombudsmandan vəkilə cavab gəlib. Amma...

Xatırlatma

Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2,904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2,607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib. Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazıldığına görə, həbs olunduqlarını bəyan ediblər.

Gənclərin hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hər iki fəal haqqında hökmləri qüvvədə saxlayıb.

Buna da bax:​ Nazirlik: “Qiyas İbrahimovun səhhəti diqqətdə saxlanacaq”

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı B.Məmmədov və Q.İbrahimovu “vicdan məhbusu” elan edib. Yerli və beynəlxalq insan haqları təşkilatları onlarla məhbusun siyasi motivli ittihamlarla cəza çəkdiyini bildirir. Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmirlər. Həmin şəxslərin konkret cinayətlərə görə, cəzalandırıldığını bəyan edirlər.