Baş Prokurorluğun mətbuat xidməti jurnalist Əfqan Muxtarlının saxlanması ilə bağlı baş verənlərə münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Ə.Muxtarlını mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıb.
İddia edilir ki, saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib:
«Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir».
Sizin brauzer HTML5-i dəstəkləmir
Ancaq dünən, mayın 30-u vəkili ilə görüşən Ə.Muxtarlı bunu əksini söyləyib. Vəkil Elçin Sadıqovun deməsinə görə, Ə.Muxtarlı bildirib ki, onu mayın 29-u axşam saat 18 radələrində Tbilisidə saxlayıblar. Saxlanarkən döyülüb, işgəncəyə məruz qalıb. Başını örtdüklərindən onu saxlayanları tanımayıb. Vəkilin bildirməsinə görə, jurnalist deyib ki, onun gətirildiyi maşını iki dəfə dəyişiblər. Gözü yalnız sərhəddə açılıb. Cibinə isə 10 min avro pul qoyublar.
«Jurnalistin cibində saxlanarkən cəmi 2 lari olub. O, Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Yəni, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq»,-deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.