Gürcüstan Ombudsmanı Ə.Muxtarlı ilə bağlı bəyanat verdi

Ucha Nanuashvili

Gürcüstanın Daxili İşlər Nazirliyi bu ölkədən müəmmalı şəkildə Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlının işi ilə bağlı bəyanat yayıb.

«Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı CM-in 143-cü (qanunsuz olaraq azadlığın qarşısının alınması) maddəsi ilə təhqiqata başlayıb. Paralel olaraq Azərbaycan tərəfi ilə kommunikasiya aparılır. Faktiki vəziyyət bəlli olan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək», - bəyanatda deyilir.

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vakhtang Gomelauri də olayla bağlı açıqlama verib. O, Ə.Muxtarlının «yaşıl sərhəd zolağı» adlanan ərazidə saxlandığını bildirib.

«Orada pasport lazım deyil. DİN istintaqa başlayıb, Azərbaycan tərəfə müraciət edib. Yəqin ki, baş vermiş olay, onun harada saxlanması ilə bağlı rəsmi bəyanatlar olacaq. Azərbaycan tərəfi bildirir ki, Əfqan Muxtarlı buraxılış məntəqəsində yox, yaşıl sərhəd zolağını keçərkən saxlanılıb ki, orada da pasport lazım deyil», - V.Gomelauri bildirib.

+++

Gürcüstan Ombudsmanı Ucha Nanuashvili Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat yayıb.

Ombudsmanın bəyanatında vurğulanır ki, Gürcüstanın hüquq-mühafizə qurumları təcili olaraq Ə.Muxtarlının yoxa çıxması olayına effektli cavab verməlidirlər.

Ombudsman bildirir ki, azərbaycanlı jurnalist Ə.Muxtarlı mayın 29-da axşam saatlarında Tbilisidə yoxa çıxıb. Ailəsinin bildirdiyinə görə, Ə.Muxtarlının jurnalistika fəaliyyəti Azərbaycan hökumətinin tənqidinə yönəlib. Buna görə, Ə.Muxtarlı davamlı olaraq təqib olunub:

«Birincisi, bu cinayətin qarşısının alınması üçün bütün vacib addımların atılması lazımdır. Daha sonra bütün əlaqəli şəxsləri ədalət önünə çıxarmaq lazımdır. Gürcüstan dövləti öz torpaqlarında yaşayan hər kəsin haqlarını qorumaq zorundadır. Qonşu ölkələrlə münasibətlər Gürcüstan hökumətinin insan haqlarına sayğısına heç cür təsir göstərməməlidir. Gürcüstanda yaşayan bütün insanlar özlərini təhlükəsiz, qanunların aliliyi mühitində hiss etməlidirlər».

Bəyanatın sonunda Gürcüstan dövlətinin Ə.Muxtarlının yoxa çıxmasına göz yummasına qınaq ifadə olunur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əfqan Muxtarlı döyüldüyünü deyir

XATIRLATMA

Jurnalist Ə.Muxtarlının mayın 29-u oturum izini aldığı Gürcüstanda saxlandığı bildirilir. Dünən mayın 30-u onun Azərbaycana gətirildiyi deyilir.

Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o, nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.

«Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Yəni, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq»,-deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.

Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.