«Ən çox yayılmış üsul işəgötürənlərin işçilərinin sayını azaltmasıdır. Bir çox iqtisadi fəaliyyət sahələri mövcuddur ki, qanunlarda və normativ aktlardakı boşluqlar bəzilərinə öz bəd əməllərini həyata keçirməyə münbit şərait yaradır».
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bunu «Azərbaycan» qəzetinə «Qeyri-rəsmi məşğulluğa böyük mübarizə elan edilib» adlı müsahibəsində bildirib.
Ə.Əhmədov deyib ki, əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına tikintidə daha çox rast gəlmək mümkündür.
Ə.Əhmədovun bildirməsinə görə, geniş yayılmış digər forma özəl sektorda əməkhaqqının ödənilməsində lazımi şəffaflığın olmamasıdır:
«Bəzi işəgötürənlər mühasibat uçotu sahəsində olan boşluqlardan faydalanaraq, xalq arasında yayılmış terminologiyadan istifadə etsək, «qara mühasibat»a əl atırlar. «Qara mühasibat»ın mahiyyəti budur ki, işçiyə verilən əməkhaqqının az bir hissəsi rəsmiləşdirilir, çox hissəsi isə rəsmiləşdirilmir».
Ə.Əhmədov deyir ki, beləliklə, həm işçi, həm də hüquqi şəxs vergi və sosial sığorta haqqını ödəməkdən yayınmış olurlar:
«Təhlillər göstərir ki, qeyri-rəsmi məşğulluq kifayət qədər geniş yayıla bilmişdir. Bu tipli qanun pozuntularına tikinti ilə yanaşı, ticarət, iaşə, nəqliyyat və xidmət sahələrində tez-tez rast gəlinir».