Bu gün, iyunu 1-i Tbilisidə Gürcüstan Təhlükəsizlik Nazirliyinin önündə bu ölkənin hüquq müdafiəçiləri və azərbaycanlı mühacirlər jurnalist Əfqan Muxtarlının müdafiəsi ilə bağlı aksiya keçiriblər.
Onlar Gürcüstandan oturum izini almış Ə.Muxtarlının Azərbaycana aparılaraq həbs edilməsinə etirazlarını bildiriblər. Bu məsələdə Gürcüstan hüquq-mühafizə orqanları əməkdaşlarının əli varsa, onların tapılıb cəzalandırılmasını tələb ediblər.
Aksiyada vurğulanıb ki, artıq Gürcüstan bu ölkəyə sığınan mühacirlərdən ötrü təhlükəli bir yerə çevrilib. Aksiya iştirakçıları davamlı fit çalaraq nazirliyin rəsmi əməkdaşlarını onlarla görüşə səsləyiblər.
Dünən, mayın 31-də də Gürcüstan paytaxtı Tbilisidə Ə.Muxtarlı ilə bağlı müdafiə aksiyası keçirilmişdi.
Gürcüstan prezidenti Giorgi Margvelashvili də jurnalist Ə.Muxtarlının Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilməsini şərh etmişdi:
«Bir insanın yoxa çıxması dövlətçiliyimiz və suverenliyimiz üçün ciddi təhlükədir», - Gürcüstan prezidenti vurğulamışdı.
Sizin brauzer HTML5-i dəstəkləmir
XATIRLATMA
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.