Bu gün, iyunun 1-i Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq jurnalist Əfqan Muxtarlı ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Ə.Muxtarlı mayın 29-u saat 22:40-da Balakən rayonu ərazisində üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra qaçmağa cəhd edərkən saxlanıb. Onu Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının saxladığı vurğulanır:
«Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib.
Axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, «Bank of Georgia Ekspress» plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb».
Məlumatda yazılır ki, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub.
«Mayın 31-i ona Cinayət Məcəlləsinin əlavə olaraq 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə də ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir».
Ancaq müdafiə tərəfi və Əfqan Muxtarlının özü bunun əksini söyləyir. Ə.Muxtarlı məhkəmədə deyib ki, mayın 29-u oturum izini aldığı Gürcüstandan onu zorla gətiriblər. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar. Üstəlik, o, heç kimə müqavimət göstərməyib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.