Gözəl Bayramlının şikayətləri rədd edilib

Gözəl Bayramlının məhkəməsi qarşısında

Bu gün, iyunun 2-si Bakı Şəhər Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının şikayətinə baxılıb.

Şikayətdə G.Bayramli haqqında seçilmiş həbs qəti imkan tədbirinin ləğvi və onun azadlığa buraxılması istənilirdi. Ancaq qapalı keçirilən prosesdə şikayət təmin edilməyib.

Müdafiə tərəfi Apelyasiya Məhkəməsinin qərarından yuxarı instansiyalara şikayət verməyə hazırlaşır.

Buna da bax:​ ‘Gözəl Bayramlının həbsi qurulmuş tamaşadır’ [şərhlər]

Gözəl Bayramlının daha 2 şikayət rədd edilib

Gözəl Bayramlı saxlandıqdan sonra onun həm qeydiyyatda olduğu, həm də yaşadığı evdə axtarış aparılıb. Evin sənədi götürülüb.

Bu gün, iyunun 2-si bu axtarış və götürülmə ilə də bağlı apelyasiya şikayətinə baxılıb. Həmin şikayətlərdə axtarış və götürülmənin qanunsuz olduğu bildirilib.

Ancaq vəkil Elçin Sadıqovun bildirməsinə görə, bu şikayətlər də təmin edilməyib.

Elçin Sadıqov deyib ki, artıq, Gözəl Bayramlı ilə bağlı qaldırılmış cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilib.

Buna da bax:​ Gözəl Bayramlının evində axtarış aparılıb, evin sənədləri götürülüb

XATIRLATMA

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

Buna da bax:​ Vəkil: Ölkəyə pul gətirib-aparmayla bağlı cinayət məsuliyyəti yoxdur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

AXCP sədri Əli Kərimli isə G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirmişdi. Ə.Kərimli vurğulayırdı ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.