Hüquq müdafiəçisi: 'Əfqan Muxtarlı 'Qırmızı Xaç'dan gizlədilib'

Beynəlxalq Qırmızı Xaç Komitəsi

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlı ilə görüşünə imkan verilmir...”

Bunu hüquq müdafiəçisi Oktay Gülalıyev bildirib:

“Bakı İstintaq Təcridxanasından bildirilib ki, o burda deyil. Əslində Təcridxana rəhbərliyi BQXK nümayəndələrinə yalan deyiblər, Əfqan Muxtarlı adı çəkilən həbs yerində saxlanılır...”

Buna da bax:​ Avropa Birliyindən Əfqan Muxtarlı çağırışı

O.Gülalıyev deyir ki, BQXK əməkdaşlarının Ə. Muxtarlı ilə görüşünə imkan verilməməsi, işgəncə hallarını gizlətməyə xidmət edir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi isə “Turan” Agentliyinin hüquq müdafiəçisinin dedikləri ilə bağlı sualına münasibət bildirmək istəməyiblər.

Nümayəndəliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova yalnız bunları deyib:

“Biz məhbusların saxlanma yerlərinə baş çəkərik və onlarla görüşərik. Amma bu zaman prinsiplərimizə sadiq qalırıq. Yəni bu görüşə şərh verilməz, sonuna qədər konfidensiallıq qorunar”.

Buna da bax:​ Gürcüstanda Əxqan Muxtarlı ilə bağlı növbəti aksiya keçirilib

Məsələyə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən isə, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb.

Xatırlama

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Buna da bax:​ 'Muxtarlının oğurlanması'na Gürcüstan rəsmilərinin reaksiyaları

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.