İyunun 6-sı Siyasi Məhbusları Müdafiə Mərkəzinin növbəti toplantısı keçirilib.
Toplantıda siyasi məhbus sayılan şəxslərin durumu, onlarla bağlı keçirilən məhkəmə prosesləri və son həbslər müzakirə edilib.
Bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat yayıb.
O.Gülalıyevin bildirməsinə görə, daha 4 şəxsin adı bu siyahıya əlavə edilib. Onlar AXCP sədr müavini Gözəl Bayramlı, jurnalist Əfqan Muxtarlı, «Kanal 13» internet televiziyasının redaktoru Əziz Orucov və Nardaran sakini Natiq Şahbazovdur.
Bloqqer Mehman Qələndərov isə təcridxanada vəfat etdiyindən onun adı siyahıdan çıxarılıb.
Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana gələrkən saxlanıb. Qaçaqmalçılıqda ittiham edilən xanım siyasətçinin əşyaları arasında 12 min dollar tapıldığı iddia edilir. Ancaq istintaq gedişində 3 aylıq həbs edilən G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları onun əşyaları arasına atıb.
Jurnalist Əfqan Muxtarlı da mayın 29-u saxlanıb. O, oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.
«Kanal 13» internet televiziyasının redaktoru Əziz Orucov isə əvvəlcə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati cəza alıb. İnzibati cəzanın başa çatdığı gün isə o, qanunsuz sahibkarlıq və başqa ittihamlarla istintaq müddətində 4 ay həbs edilib.
Nardaran sakini Natiq Şahbazov isə qanunsuz silah saxlamaqda ittiham edilir. Onun qardaşları və atası da həbsdədir.
Müdafiə Mərkəzi bu 4 şəxsin əsassız, siyasi sifarişlə həbs edildiyini düşünür.
Siyasi Məhbusları Müdafiə Mərkəzinin siyahısında artıq 165 nəfərin adı yer alır.
Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusun olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb ediliblər.