23 beynəlxalq QHT-dən Əfqan Muxtarlı müraciəti

Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman

23 beynəlxalq hüquq-müdafiə təşkilatı Gürcüstanın baş naziri Giorgi Kvirikashviliyə məktub göndərərək jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə saxlanmasının araşdırılmasını istəyiblər.

Həyəcanlı presedent...

"Biz Əfqan Muxtarlıdan narahatıq. Belə ki, o, 29-u axşam Tbilisidə yoxa çıxıb, növbəti gün isə həbs edilib. Onu deməsinə görə, evinin yanında maşına oturdaraq əl-qolunu bağlayıblar və döyüblər, cibinə 10 min avro qoyublar. Vəkil Elçin Sadıqov həbsdə ona baş çəkib və onun üzündə xəsarətin olduğunu təsdiqləyib. Mayın 31-də Bakıda onu qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək və hüquq mühafizə əməkdaşlarına zorakılıq göstərmək ittihamı ilə həbs ediblər.

Buna da bax:​ Gürcüstan müstəntiqləri Əfqan Muxtarlını dindirmək istəyir

Bütün bunlar həyəcanlı presedent yaradır”, – sənəddə vurğulanır.

Beynəlxalq QHT-lər qeyd edir ki, son illər Azərbaycanda çoxsaylı müstəqil jurnalist, vətəndaş cəmiyyəti fəalı repressiyalardan qaçaraq ölkəni tərk edib.

“Onlar Gürcüstanda təhlükəsiz sığınacaq tapacaqlarına ümid ediblər. Ancaq indi qanunsuz olaraq öz ölkələrinə verilmək qorxusu ilə yaşamalı olacaqlar", - məktubda yazılır.

Qara ləkə...

Sənəddə vurğulanır ki, Əfqan Muxtarlının həbsi beynəlxalq hüququn pozulmasıdır. Gürcüstanın da üzvü olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi şəxsin onu real təhlükənin gözlədiyi dövlətə verilməməsini nəzərdə tutur.

Buna da bax: Gürcü jurnalistlər başlarında torba parlamentdə aksiya keçirirlər (Video)

“Bu, Qafqazda insan hüquqları standartlarının dəstəklənməsində lider kimi tanınan Gürcüstanın reputasiyasında qara ləkədir. Azərbaycan hakimiyyəti onu tənqid edənlərə qarşı amansız müharibə aparır. Biz Əfqan Muxtarlının "qanunsuz oğurlanması"nın araşdırılmasına başlanmasını alqışlayırıq. Ümid edirik ki, istintaq zamanı onu oğurlayanların kimliyi və bu işdə Gürcüstan hakimiyyətinin rolu məlum olacaq", - məktubda bildirilir.

Məktubu “Sərhədsiz reportyorlar”, Jurnalistləri Müdafiə Komitəsi, PEN, Human Rights Watch, Index Censorship, Sülh və Müharibə İnstitutu, Norveç Helsinki Komitəsi, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı və digər qurumlar imzalayıblar.

Buna da bax:​ Gürcüstan Leyla Mustafayevaya dövlət mühafizəsi ayırıb [video]

Xatırlatma

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlarının bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Həmin qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Buna da bax:​ AB həbsdəki jurnalist və fəalların azadlığını istəyir

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.