Vəkil Zibeydə Sadıqova iyunun 8-də həbsdəki jurnalist Əfqan Muxtarlı və siyasətçi Gözəl Bayramlı ilə görüşüb.
Vəkil deyir ki, Ombudsman aparatının nümayəndələri də iyunun 8-də həbsxanada Gözəl Bayramlı və Əfqan Muxtarlıya baş çəkiblər.
Hər ikisi Ombudsman nümayəndələrinə baş verənlər və üzləşdikləri preoblemlər barədə məlumat veriblər.
Zibeydə Sadıqova deyir ki, Gözəl Bayramlı ilk növbədə səhətindəki problemlərdən danışıb, təcili həkim müayinəsinə ehtiyacı olduğunu və mütəmadi dərman qəbul etməli olduğunu bildirib:“Birincisi o, çənə artirozundan əziyyət çəkir və 3 dəfə buna görə əməliyyat olub. İkincisi onda endokrinoloji problemlər var və hətta Bakı İstintaq təcridxanasının həkimi mütləq onun müalicəyə başlamalı olduğunu və üzünün mütləq MRT aparatından keçməli olduğunu bildirib.
Bundan başqa Gözəl xanımın ən qorxduğu şey qanında leykositin həddən artıq çox az olmasıdır, hansı ki, buna görə müalicə üçün Gürcüstana da gedirdi və həkimlər ona bildiriblər ki, əgər həkim nəzarətindən çıxsa və mütamadi dərman qəbul etməsə onda leykoz xəstəliyi yarana bilər” vəkil deyib.
Zibeydə Sadıqova deyir ki, aprelin 8-də təcridxanada jurnalist Əfqan Muxtarlı ilə də görüşüb.
Həmçinin Obudsman Aparatının əməkdaşları həmin gün ona baş çəkiblər.
“Əfqanın özünü yaxşı hiss edir, möhkəmdir. Dostlara salam göndərdi. O da bütün baş verənlər və bədənindəki xəsarətlər barədə Ombudsman aparatının əməkdaşlarına detallı məlumat verib. Səhəti və saxlanma şəraiti yaxşıdır, hələlik şikayətçi deyil” Zibeydə Sadıqova deyir.
Vəkil deyir ki, sabah Səbayıl Rayon məhkəməsində Hakim Aytən Əliyevanın başçılığı ilə Əfqan Muxtarlının tutulmasından verilən şikayətə baxılacaq.