“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) Azərbaycana dair hesabatın hazırlanmasını yubadırlar”.
Həmməruzəçilərin qarşıdakı səfərini dəyərləndirərkən hüquq müdafiəçisi Rəsul Cəfərov belə deyib.
R.Cəfərov vurğulayıb ki, həmməruzəçilər "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı hesabatın hazırlanmasını yubadırlar.
“İki ildir ki, onlar həmməruzəçi təyin olunublar. Burada seçkiləri və referendumu müşahidə ediblər, ancaq indiyədək hesabatı hazırlamayıblar. Bundan öncə həmməruzəçilər vəd etmişdilər ki, hesabatı iyun sessiyasına təqdim edəcəklər. Ancaq indi yenə "qiymətləndirmə" missiyası ilə gəlirlər. Üç ildən çoxdur ki, AŞPA sessiyasında Azərbaycanla bağlı vəziyyət müzakirə edilmir”, – o, qeyd edib.
Xatırlatma
Həmməruzəçilər Şennak və Preda iyunun 12-dən 14-nə kimi Bakıda olacaqlar. Səfər çərçivəsində onlar parlamentin spikeri, ədliyyə naziri, AŞPA-da Azərbaycan nümayəndə heyəti, Baş prokuror, ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və ombudsman ilə görüşəcəklər. Onların ölkə başçısı ilə də görüşü gözlənilir.
Həmçinin, həmməruzəçilər vətəndaş cəmiyyətinin nümayəndələri, bu yaxınlarda həbsdən buraxılmış şəxslər, hüquqşünaslar və müxalifət təmsilçiləri ilə görüşəcəklər. Bundan əlavə, həmməruzəçilər bəzi məhbuslarla da görüş istəyiblər.
Hüquq müdafiəçiləri bundan əvvəl də AŞPA həmməruzəçilərinin fəaliyyətindən narazılıqlarını ifadə ediblər. Hətta bununla bağlı bir qrup vətəndaş cəmiyyəti fəalı AŞPA rəhbərliyinə də müraciət edilib. Ancaq bu müraciətə hər hansı cavab bildirilməyib.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və başqa bir sıra məsəllərlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan AŞPA-nın monitorinqinin nəzarəti altındadır.