Litvada Əfqan Muxtarlıya dəstək aksiyası

Aksiya

Müsavat Partiyasının mühacirətdə olan bir qrup üzvü iyunun 12-də Litva parlamenti önündə jurnalist Əfqan Muxtarlının həbsinə etiraz məqsədilə aksiya keçiriblər.

Başlarına qara torba keçirib, əllərində jurnalistin fotolarını tutan aksiyaçılar Ə.Muxtarlıya azadlıq tələb ediblər.

Bu haqda Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin press-relizində bildirilir. Mərkəzin üzvü Azad Həsənovun bildirdiyinə görə, aksiyaçılar Ə.Muxtarlı ilə yanaşı, Azərbaycandakı siyasi məhbus hesab edilən bütün şəxslərin azadlığa buraxılmasını istəyiblər.

Mühacir müsavatçılar maraqlananlara Azərbaycandakı siyasi durum, həbslər barədə bilgi veriblər.

Litva parlamentinin 14 deputatı da ötən həftə Azərbaycan hökumətinə müraciət edərək, Ə.Muxtarlının azad edilməsini istəmişdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu

XATIRLATMA

Jurnalist Ə.Muxtarlının mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.