İnterpolun rəsmi Bakı tələb etsə belə, hazırda Hollandiyada yaşayan hüquq müdafiəçiləri Arif və Leyla Yunusları təhvil verməyəcəyi bildirilir.
Bu haqda Arif Yunus özü məlumat verib.
O deyib ki, öncə Niderland Xarici İşlər Nazirliyi və Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzinin vəkilləri bununla bağlı İnterpolun baş katibi Jürgen Stock-a müraciət ediblər. Ardınca isə 26 beynəlxalq hüquq-müdafiə təşkilatı «Azərbaycanlı hüquq müdafiəçiləri ilə bağlı sui-istifadələrin qarşısının alınması» adlı birgə müraciətlə İnterpol rəhbərliyinə üz tutublar.
«Artıq İnterpoldan cavab gəlib. Cavabda deyilir ki, Arif və Leyla Yunusların həbsi və məcburi deportasiyası barədə Azərbaycan hakimiyyətinin sorğusu təmin edilməyəcək», - A.Yunus bildirib.
O deyib ki, İnterpolun köməyi ilə məcburi olaraq Azərbaycana göndərilmə məsələsi qapanıb.
«Ancaq biz bununla mübarizəni bitirmək niyyətində deyilik. Bütün postsovet ölkələrində və digər regionlarda bu rejimlər özgəfikirli insanları öz ölkələrinə deportasiya etməkdən ötrü İnterpoldan istifadə edirlər. İndi biz bu məsələni qaldırdıq ki, diktatorların çirkin niyyətlərində İnterpoldan istifadəyə yol verilməsin», - A.Yunus vurğulayıb.
Bu ilin mayında Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçiləri və keçmiş məhbuslar Leyla və Arif Yunusların məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar çıxarıb. Onlar ölkəni tərk edərək hazırda Niderlandda yaşayırlar.
Leyla və Arif Yunuslar 2014-cü ilin yayında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Onlar vergidən yayınma və bir sıra iqtisadi cinayətlərdə ittiham ediliblər. Ancaq hüquq müdafiəçiləri ittihamları saxta adlandırıblar.
2015-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, şərti cəza ilə onları həbsdən buraxıb. Eyni zamanda, sağlıq durumlarındakı problemlərlə əlaqədar müalicə məqsədilə onların ölkədən getməsinə icazə verilib. Ancaq sonradan Ali Məhkəmə həmin qərarı ləğv edib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib. İndi işə yenidən baxılır.